...

Azərbaycan və Argentina arasında daha bir saziş imzalandı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Argentina xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Argentina əlaqələrinin uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə İşçi Qrupunun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycan və Argentina arasında iqtisadi və ticarət əlaqələrini, mövcud əməkdaşlıq layihələrini qeyd edərək kənd təsərrüfatı, sənayenin əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə iqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı, ölkəmizdə iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafına başlıca maneə olduğu bir daha diqqətə çatdırılıb. Ş.Mustafayev bəzi Argentina şirkətlərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinin qarşısının alınması üçün Argentina hökuməti tərəfindən müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Argentina xarici işlər və etiqad nazirinin müavini E.Zuain Azərbaycana ilk səfərindən və ölkəmizin inkişafından məmnunluğunu ifadə edib, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini bildirib. E.Zuain gələn il növbəti iclası keçiriləcək Azərbaycan-Argentina İşçi Qrupunun əlaqələrin inkişafında əhəmiyyətini və iclas çərçivəsində iş adamlarının görüşünün təşkilinin önəmini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən nazir müavini əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sənədi Ş.Mustafayev və E.Zuain imzalayıblar.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti