...

"Saxo Bank": İnkişafda olan bazarları bürüyən ideal fırtına özü ilə görünməmiş imkanlar gətirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2015 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Neft və digər əmtəə məhsullarının qiymətindəki ucuzlaşma bir sıra inkişafda olan bazarları çətin vəziyyətə salıb. Buna baxmayaraq, "Saxo Bank" başlıca imkanları məhz inkişafda olan bazarlarda görür. Dünya iqtisadiyyatının inkişafının risk altında olması, ABŞ faiz dərəcələrinin artırılma vaxtının naməlum qalması bu cür iqtisadiyyatları "kölgə" altında saxlasa da, güclü qeyri-stabillik xüsusi ticarət (treydinq) imkanları doğurur.

İnkişafda olan bazarlar borc səbəbindən yaranan "ideal fırtına", ABŞ dollarının möhkəmlənməsi və "oynayan" əmtəə məhsulları qiymətləri ilə zərbələrə məruz qalıb. Ancaq bununla yanaşı "Saxo Bank"ın dördüncü rübə olan proqnozları hesabatında sözügedən bazarlarda "hiylə et və genişləndir" siyasəti davam etsə də, ümid və investisiya imkanları olduğu bildirilir.

"Möhkəmlənmiş dollar borc yükünü artırmaqla yanaşı həm də inkişafda olan bazarların başlıca ixrac məhsulu olan əmtəələrin qiymətini ucuzlaşdırdı. Bu öz növbəsində inkişafda olan bazarlar üçün daha zəif tələb və inkişaf demək idi. Qeyd olunan hadisələr "fiat" (qızıl ehtiyatları ilə təmin olunmamış) pullar, dollar ehtiyatları, dollarla qiymətləndirilən əmtəə və borca, həmçinin bahalaşan ABŞ dollarına əsaslana dünya iqtisadiyyatında baş verir. Dünya iqtisadiyyatının artımının kəskin zəifləməsi heç də təəccüblü deyil. Yeganə gözlənilməz məqam siyasətçilərin təəccübü idi", - deyə "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirir.

İnkişafda olan bazarlarda müşahidə edilən hazırkı qeyri-stabillik və dağınıqlıq çərçivəsindən kənara baxan "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen cari durumun da müsbət tərəflərinin olduğunu vurğulayır: "İnkişafda olan bazarlarda hökm sürən fırtına özü ilə görünməmiş imkanlar da gətirir".

Stin Yakobsen hesab edir ki, əlverişlilik və likvidlik məsələlərini nəzərə almaqla bu imkanlardan faydalanmaq üçün başlıca vasitə foreks sövdələşmələridir. Bir çox inkişafda olan bazarlarda lazımi səmərəli mühit olmadığından onlar inkişaf etmiş fond bazarlarının tələbini ödəmir. Bundan əlavə araşdırmalar göstərir ki, inkişafda olan bazarlarda gəlirlərin 80%-dən çoxu səhm və istiqrazların ticarətindən deyil, məhz foreks sövdələşmələrindən gəlir. Stin Yakobsen bildirir ki, hazırda fırtınanın ortasında olmağımız "günəşin heç vaxt görünməyəcəyi" demək deyil.

"Saxo Bank" növbəti rüb üçün başlıca treydinq ideyalarını təqdim edir:

Əmtəələr

Əmtəə məhsulları sənaye metallarının minilliyin əvvəlindən görünməmiş səviyyələrə çatmasının ardınca sentyabr ayında əsasən stabillik dövrünü yaşayıb. Metal, enerji, taxıl və digər xammal məhsullarının artan təklifləri xammal ixracından asılı inkişafda olan bazarları xaotik vəziyyətdə saxlamaqda davam edib.

"Saxo Bank"ın Əmtəə Strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirir ki, 2015-ci ilin son rübünə daxil olmamızı və təklifin azaldığını nəzərə alsaq əmtəə məhsulları üçün tunelin sonunda işıq görəcəyik. Lakin dünya bazarlarında tələb davamlı artımını dayandırarsa, o zaman tunel uzana bilər və sadəcə ümid işıltısının şahidi ola bilərik.

"Düşünürəm ki, bərpa prosesi uzunmüddətli olacaq və ilin sonunadək qiymətlər WTI nefti üçün yuxarı həddi 53 dollar/barel, "Brent" üçün isə 55 dollar/barel olmaq şərti ilə məhdud şəkildə dəyişəcək", - Ole Hansen neft ilə bağlı proqnozlarını vurğulayıb.

Makroiqtisadiyyat

"Saxo Bank"ın Makroiqtisadi Strategiya bölməsinin rəhbəri Mads Koyfoyd qeyd edir ki, Federal Ehtiyat Sisteminin (FES) çoxdan gözlənilən faiz dərəcələrinin artımı siyasəti dördüncü rübün ən əlamətdar makroiqtisadi hadisəsi olacaq. Bununla yanaşı inkişafda olan bazarların cari vəziyyəti aktual mövzu olaraq qalır, belə ki, yayın sonlarında investorların riskli yatırımlardan imtina etməsi tendensiyası dördüncü rübdə sona çata bilər.

Valyuta bazarları (Foreks)

"Saxo Bank"ın Valyuta strategiyaları bölməsinin rəhbəri Con Hardi hesab edir ki, FES-in sentyabr qərarı qurumun siyasətinin qlobal siyasət olduğundan və inkişafda olan bazarlar üçün xüsusi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Bununla yanaşı riskə marağın artması ilə RUB, BRL, TRY və ZAR kimi valyutaların möhkəmlənməsini görə bilərik. Meksika və Polşada isə daha konservativ yanaşmaya üstünlük vermək lazımdır.

Sabit gəlirli qiymətli kağızlar

"Saxo Bank"ın sabit gəlirli qiymətli kağızlar bölməsinin rəhbəri Saymon Fasdal bildirir ki, üçüncü rüb ərzində maliyyə bazarları "qorxuya yoluxublar" və dördüncü rübün astanasında olduğumuzdan bununla hesablaşmamaq mümkün deyil.

Fasdal vurğulayır ki, inkişafda olan bazarlar imkanlara aparan yolun başlanğıcındadır. Əvvəla inkişafda olan bazarların aktivlərindən uzaqlaşma inkişaf etmiş və inkişafda olan bazarlar arasındakı mənfəət fərqini əhəmiyyətli dərəcədə artırıb. İnkişafın zəifliyi də mühüm rol oynayan faktorlardan biridir.

Asiya maliyyə bazarları

"Saxo Bank"ın Asiya regionu üzrə makroiqtisadiyyat strateqi Key Van-Petersen bildirir ki, əksəriyyət inkişafda olan maliyyə bazarlarında kütləvi satışın artıq başa çatdığını və minimum göstəricilərin keçmişdə qaldığını düşündüyü halda o, fərqli fikirdədir. FES-in kəmiyyət yumşaldılması siyasəti və maliyyə böhranı vəziyyətində Çinin kütləvi stimullaşdırma proqramı nəticəsində ucuz pulların axını aktivlərin yüksəlməsinə səbəb olub. Qlobal inkişaf yavaşıyır, əmtəələrin qiymətləri hələ də sabitləşməyib və inkişafda olan bazarların aktivlərinə fundamental makroiqtisadi göstəricilərin pisləşməsinin təsiri gözlənilir.

Fond bazarları

"Saxo Bank"ın fond bazarları strategiyaları bölməsinin rəhbəri Piter Qarnri bildirir ki, 2015-ci ilin üçüncü rübü həyəcan siqnalı ilə yadda qalacaq, belə ki, qlobal səhmlər 2008-ci il maliyyə böhranından etibarən ən güclü qeyri-stabillik mərhələsinə daxil olub. Rüb ərzində inkişaf etmiş bazarların səhmləri 6,2%, inkişafda olan bazarların səhmləri isə 16,2% aşağı düşüb.

Qarnri hesab edir ki, inkişafda olan bazarların daxili qüvvələri onları ixracyönümlü xammal istehsalçısından daha çox daxili istehlaka yönələn orta sinfin artımına əsaslanan balanslaşdırılmış iqtisadiyyata keçidi təmin edəcək. Sözügedən keçid artıq başlayıb və ABŞ-da faiz dərəcələrinin trayektoriyası aydınlaşan kimi kapital axını inkişafda olan bazarlara geri dönəcək.

"Saxo Bank"ın ekspertləri tərəfindən hazırlanmış dördüncü rüblə bağlı analizlər, ticarət strategiyaları və maliyyə proqnozları haqda daha ətraflı məlumat üçün: http://tr.saxomarkets.com/campaigns/essential-trades/2015-q4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti