Bakı. Trend:
Noyabrın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatı:
- Hörmətli dostlar. Bu gün biz həmkarım, dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ilə çox səmərəli və məhsuldar danışıqlar apardıq. Tərəflər münasibətlərimizin strateji xarakterini təsdiq etdilər. Azərbaycan ilə Belarus arasında problemlərin və ya fikir ayrılığının olmaması, dünya iqtisadiyyatında durğunluq və beynəlxalq vəziyyətin inkişafında birmənalı olmayan proqnozlar şəraitində gələcək birgə fəaliyyətə yanaşmalarımızın oxşarlığı qeyd edildi. Bu baxımdan biz Belarus-Azərbaycan münasibətlərini daha da dinamikləşdirmək qətiyyətində olduğumuzu bildirdik. Bu, ilk növbədə, ticari-iqtisadi sahədə, investisiyalar sahəsində əməkdaşlığa aiddir.
Son illərdə qarşılıqlı əmtəə dövriyyəsi artımının müsbət dinamikası saxlanılır. Keçən il onun həcmi 330 milyon dollara bərabər olub. Cari ildə də qarşılıqlı ticarətin həcmi, demək olar ki, əvvəlki səviyyədə saxlanılıb. Həm də bu göstərici bizim qarşılıqlı fəaliyyətimizin mövcud potensialına dəlalət edir. Axı ölkələrimizin imkanları çox genişdir. Biz istehsal kooperasiyası və iri infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və bir sıra başqa sahələrdə əməkdaşlığın fəallaşdırılması perspektivlərini müzakirə etdik. Hər iki tərəf birgə istehsal güclərini artırmaqda, Azərbaycanda yığılan texnikanın model sırasını genişləndirməkdə, habelə Azərbaycanda yerli detallardan və dəstləşdirmə materiallarından istifadə edilməklə bizim şirkətlər tərəfindən yeni kooperasiya istehsalatları yaradılmasında maraqlı olduğunu bildirib.
Belarus Respublikasının coğrafi mövqeyini, onun Avrasiya İqtisadi İttifaqının üzvü olmasını nəzərə alaraq, hesab edirik ki, Belarusda Azərbaycan xammalının, yarımfabrikatların emalı üzrə kooperasiya istehsalatları yaradılması, sonradan üçüncü ölkələrin, o cümlədən Avropa İttifaqının bazarlarına çıxmaq perspektivli istiqamətdir. Bu və digər istiqamətlərin müfəssəl işlənməsi üçün Belarus və Azərbaycan hökumətlərinə müvafiq tapşırıqlar veriləcək.
Tərəflər həm də bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsini, Belarus ilə Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqaviləni, 2025-ci ilə qədər olan dövr üçün sosial-iqtisadi əməkdaşlıq proqramını imzalayıblar. Prezident Əliyevin indicə dediyi kimi, biz həm də əməkdaşlığın yeni istiqamətlərini - informasiya texnologiyaları, nano-biotexnologiyalar sahəsində, hərbi-sənaye kompleksi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən etdik. İndicə özünüz şahid oldunuz ki, bizim akademiyalar da müvafiq saziş imzaladılar. Bu sənədlərin reallaşdırılması siyasi, ticari-iqtisadi, elmi-texniki, humanitar əməkdaşlıq sahələrində qarşılıqlı faydalı Belarus-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq.
Sonda bir daha vurğulayıram ki, Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. Müzakirə üçün qapalı mövzular da yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik. Təşəkkür edirəm.
Mətbuata bəyanatlar başa çatandan sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.