Bakı. Trend:
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.
Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata əsasən, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasının sürətləndirilməsi məsələsinə də toxunulub. Bundan başqa, prezidentlər Şərq-Qərb nəqliyyat dəhlizinin buraxıcılıq qabiliyyətinin yüksəldilməsi və Xəzərin enerji resurslarının nəqlinin yeni imkanlarını da müzakirə ediblər.
Gürcüstan prezidenti həmkarı ilə Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı öz mülahizələrini bölüşüb. Tərəflər regional təhlükəsizliyi məsələlərini də müzakirə ediblər.
Türkiyə Prezidenti Gürcüstanın ərazi bütovlüyünü dəstəklədiyini bir daha vurğulayıb. Bir daha təsdiqlənib ki, Türkiyə Gürcüstanın tərəfdaşı və NATO üzvü kimi ölkənin alyansa üzv olmasını dəstək edəcək.