...

Cənub Qaz Dəhlizi Vaşinqtonda keçirilmiş müzakirələrin diqqət mərkəzində olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 08:02 (UTC +04:00)
Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şuranın fevralın 1-də təşkil etdiyi tədbirdə “Qara dəniz regionu və ətraf bölgələr üzrə Qərbin enerji strategiyasının hazırlanması” başlıqlı tədbirdə Avropanın enerji təhlükəsizliyindən bəhs edilmiş və bu mənada xüsusilə Cənub Qaz Dəhlizi müzakirələrin diqqət mərkəzidə olmuşdur.
Cənub Qaz Dəhlizi Vaşinqtonda keçirilmiş müzakirələrin diqqət mərkəzində olub

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şuranın fevralın 1-də təşkil etdiyi tədbirdə "Qara dəniz regionu və ətraf bölgələr üzrə Qərbin enerji strategiyasının hazırlanması" başlıqlı tədbirdə Avropanın enerji təhlükəsizliyindən bəhs edilmiş və bu mənada xüsusilə Cənub Qaz Dəhlizi müzakirələrin diqqət mərkəzidə olmuşdur.

Tədbir zamanı Cənub Qaz Dəhlizinin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanmış və həmin təşəbbüsün həyata keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi iştirakçı ölkə və şirkətlərin nümayiş etdirdikləri qətiyyətli iradə qeyd edilmişdir.

Atlantik Şuranın Dinu Patrisiu adına Avrasiya Mərkəzinin direktoru səfir Con Herbstin açılış nitqinin ardınca tədbirdə məruzə ilə çıxış etmiş natiqlər arasında Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri Elin Süleymanov da olmuşdur.

Azərbaycan diplomatı ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında söz açmış və bu zaman Cənubi Qaz Dəhlizinin daşıdığı regional əhəmiyyətin üzəridə ayrıca dayanmışdır. O, unikal xarakterə malik bu layihənin ərsəyə gəlməsi üçün 7 ölkə və 11 şirkətin öz səylərini birləşdirdiklərini xatırlatmış və onlar arasında mövcud olan möhkəm tərəfdaşlıq sayəsində bu günədək planlaşdırılan işlərin bir çox hallarda hətta qrafikdən öncə irəlilədiyini bəyan etmişdir.

Səfir Cənub Qaz Dəhlizinin hər hansı ölkə, şirkət və ya digər bir layihəyə qarşı yönəlmədiyini və yalnız mövcud qaydalara uyğun şəkildə, Azərbaycan qazını Avropa enerji bazarına çatdırmaq və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək missiyasına xidmət etdiyini bəyan etmişdir.

Azərbaycan rəsmisi eləcə də Cənub Qaz Dəhlizinin keçdiyi ölkələr arasında daha möhkəm bağların yaranması və daha geniş əməkdaşlığı stimul etdiyini qeyd etmişdir. Bu mənada, Avropa və Asiya arasında nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün inşa edilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə istinad olunmuşdur. Səfir həmçinin bir neçə gün öncə Ukraynadan yola salınmış qatarın Azərbaycandan keçməklə, Çinə üz tutması faktını açıqlamış və enerji ilə yanaşı Azərbaycanın beynəlxalq tranzit potensialını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirin başlığı ilə eyni adlı hesabatın müəllifi olan, Atlantik Şuranın qeyri-rezident tədqiqatçısı Aryel Koen də öz məruzəsində Cənub Qaz Dəhlizini yaxın gələcəkdə Avropalı istehlakçılara yeni mənbədən qaz çatdıracaq yeganə layihə kimi xarakterizə etmişdir. O, adları çəkilən bir çox layihələrdən fərqli olaraq, Cənub Qaz Dəhlizinin konkret olaraq inşa edilməkdə olduğunu vurğulamışdır. Natiqlər arasında olmuş Türkiyənin ABŞ-dakı səfirinin müavini Tuqay Tunçer də Cənub Qaz Dəhlizi ilə bağlı oxşar fikirləri bölüşərək, onun digər layihələrlə müqayisə edilməyəcək bir mərhələyə yetişdiyini göstərmişdir.

Digər bir çıxışçı, "Frontera Resources" korporasiyasının təsisçisi Stiv Nikandros Azərbaycanın iştirakı ilə qurulmuş enerji infrastrukturunun regiona yeni sərmayəçilər cəlb etmək və nəticə etibarilə, regionu transformasiya etmək iqtidarında olduğunu söyləmişdir.

Bundan əlavə, tədbirin sual-cavab bölümündə enerji daşıyıcılarının hazırkı qiymətlərinin Cənub Qaz Dəhlizinin inşasına mümkün təsirinə dair sorğunu cavablandırmış Elin Süleymanov bu qiymətlərdə dəyişikliyin periodik xarakter daşıdığını xatırlatmış, bu dəyişikliyin Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması üçün heç bir şəkildə maneə yaratmadığını bildirmiş və bu inamın ölkəmizin davamlı olaraq nümayiş etdirdiyi etibarlılıqdan irəli gəldiyini qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti