...

AİB Azərbaycanda sığorta-pensiya sahəsində görülən işləri müsbət qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 16:56 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Asiya İnkişaf Bankının (AİB) ölkəmizə səfər edən missiyası ilə görüş keçirilib.
AİB Azərbaycanda sığorta-pensiya sahəsində görülən işləri müsbət qiymətləndirir

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Asiya İnkişaf Bankının (AİB) ölkəmizə səfər edən missiyası ilə görüş keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Covanni Kapannellinin rəhbərlik etdiyi missiya ilə görüş zamanı Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və hərtərəfli inkişafın təşviqinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

E.Mehdiyev vurğulayıb ki, bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.

DSMF sədri Fondun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib, ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından ətraflı bəhs edib.

Görüşdə AİB ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən missiyanın rəhbəri C.Kapannelli Azərbaycanda sığorta-pensiya sahəsində görülən işləri müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti