...

Türkiyəli nazir: Azərbaycan üzərindən nəqliyyat dəhlizi yüklərin daşınmasında üstün rol oynamalıdır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 16:44 (UTC +04:00)
Azərbaycanın ərazisindən keçən TransXəzər nəqliyyat dəhlizi Mərkəzi Asiya ölkələrinə yük daşınmaları zamanı problemlər yaranarsa, alternativ vasitə deyil, üstün vasitə olmalıdır.
Türkiyəli nazir: Azərbaycan üzərindən nəqliyyat dəhlizi yüklərin daşınmasında üstün rol oynamalıdır  (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan ərazisindən keçən Transxəzər nəqliyyat dəhlizi Mərkəzi Asiya ölkələrinə yükdaşımalar zamanı problemlər yaranarsa, alternativ vasitə deyil, üstün vasitə olmalıdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Türkiyə Xəzər üzərindən göndərilən yüklərin həcmini ildə 4 mindən 20 min fura qədər artırmağı planlaşdırır: "Əgər bu marşrut öz səmərəliliyini sübut edərsə, 2016-cı ildə Xəzər üzərindən daşınan yük furlarının sayının 10 minə qədər, 2017-ci ildə 15 minə, 2018-ci ildə isə 20 minə qədər artırılması gözlənilir".

Nazir hesab edir ki, bu məqsədlə Bakı və Aktau arasında mütəmadi bərə əlaqəsi ilə yanaşı, Bakı və Türkmənbaşı limanları arasında da bərə reysləri təşkil etmək lazımdır.

O bildirib ki, Türkiyədən yüklər Mərkəzi Asiyaya çərşənbə axşamı və cümə günləri həyata keçirilən Bakı-Aktau marşrutu üzrə bərə reyslərinin köməyi ilə nəql ediləcək: "Bundan başqa, Aktaudan Bakıya bərə reysləri çərşənbə və şənbə günləri həyata keçiriləcək".

Nazir qeyd edib ki, Azərbaycan ərazisi üzərindən Türkiyədən yükdaşımaların həcminin artması bu marşruta marağı daha da artıracaq: "Bizim son məqsədimiz odur ki, yüklər Xəzər üzərindən daha sadələşdirilmiş formada nəql edilsin. Son vaxtlar Türkiyənin Rusiya və İran ərazisindən Orta Asiya ölkələrinə yük daşımaları zamanı rastlaşdığı problemlər Xəzər dənizi üzərinə yükdaşımaları mövzusunu aktuallaşdırıb".

Nazir deyib: "Ankara və Moskva münasibətlərində böhran yaranandan sonra Türkiyə və Azərbaycan rəhbərlərinin görüşü çərçivəsində razılıq əldə olunub ki, Gürcüstan-Rusiya sərhədində ləngidilən Türkiyəyə məxsus yüklər marşrutu dəyişərək Azərbaycan ərazisindən istifadə edilməklə və cərimə ödənilməməklə daşınsın".

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə danışıqlardan sonra 2015-ci il dekabrın 1-dən sonra nəqliyyat tariflərinin azaldılması barədə razılıq əldə olunub: "Azərbaycan ərazisində tranzit keçid məbləği 520 dollardan 220 dollara salınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti