Bakı. Anaxanım Hidayətova - Trend:
"Cənub Qaz Dəhlizi" həm İtaliya, həm də ümumilikdə Avropa İttifaqı (Aİ) üçün prioritet, eləcə də strateji layihədir. Bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo deyib.
Səfir İtaliyanın elə ilk vaxtlardan bu layihənin həyata keçirilməsinə tamamilə tərəfdar olduğunu deyib: "Fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ikinci iclası, əlbəttə ki, Azərbaycandan başlayaraq bütün iştirakçı ölkələrlə səylərimizin gələcək koordinasiyasına imkan verəcək".
Diplomatın sözlərinə görə, Şuranın ikinci iclasında İtaliyanı Nazirlər Şurası Rəyasət Heyətinin icraçı katibi Klaudio de Vinçenti təmsil edəcək.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur.