...

Azərbaycanda yığım pensiya planları həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 16:23 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) beynəlxalq ekspertlərlə birgə ölkəmizdə dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə dair iki yeni qanun layihəsi hazırlayıb.
Azərbaycanda yığım pensiya planları həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) beynəlxalq ekspertlərlə birgə ölkəmizdə dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə dair iki yeni qanun layihəsi hazırlayıb. Bu qanunvericilik təsdiq olunduqdan sonra Azərbaycanda yığım pensiya planlarının həyata keçirilməsinə başlanacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır. Bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəfə götürülüb ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır. Bu vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamələrindən birini təşkil edir.

DSMF sədrinin sözlərinə görə, Azərbaycanda yığım kompenentinin tətbiqi bütün hallarda könüllü sosial sığortalanma hesabına formalaşdırılacaq: "Real yığım sisteminin mövcud sistemdən fərqi odur ki, toplanan pullar real pul vəsaitləri olacaq və maliyyə bazarında yerləşdirilməklə artırılacaq. Yalnız bundan sonra pensiyaların məbləğinə əlavə ediləcək. Ancaq burada müəyyən risklər də var. Çünki hazırda pensiya kapitalının sosial sığorta hissəsinin təminatçısı dövlətdir".

E.Mehdiyev bildirib ki, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulub. Onun sözlərinə görə, yığım pensiya planlarının təşəkkül tapması ilə birincisi, maliyyə bazarı iştirakçılarına (özəl fondlar və ya banklar) davamlı likvidliyi qorumağa və "uzun pullar" əldə etməyə imkan verən iqtisadi mühitin formalaşdırılması, ikincisi, idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticənin olması, üçüncüsü, uzunmüddətli səmərə hesab olunan ölkənin pensiya sisteminin gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımının əldə edilməsi hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti