...

Ötən il Azərbaycanda 524,4 km uzunluğunda yeni avtomobil yolları tikilib və təmir olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 19:01 (UTC +04:00)
2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub.
Ötən il Azərbaycanda 524,4 km uzunluğunda yeni avtomobil yolları tikilib və təmir olunub

Bakı. Maksim Tsurkov - Trend:

2015-ci il ərzində Azərbaycanda 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub. Trend-in məlumatına görə, bunu "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2015-ci il ərzində dövlət proqramları çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.

S.Məmmədov qeyd edib ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel və 9 ədəd piyada keçidi tikilərək istismara verilib: "2015-ci il ərzində Bakı şəhərində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kv.m sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb".

Onun sözlərinə görə, Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər birinci texniki dərəcəli yolların uzunluğu 426 kilometr artaraq bu gün 541 kilometr təşkil edir: "Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Yevlax-Gəncə hissələrinin birinci texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyələrin verilməsi sayəsində işlər sürətləndirilib".

ASC sədri əlavə edib ki, nəticədə qısa zaman ərzində tikinti-quraşdırma işləri magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan yerinə yetirilib, bütün işlər beynəlxalq tikinti və normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq yol istismara hazır vəziyyətə gətirilib: "30 dekabr 2015-ci ildə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurmadan sonra açılışı olub. Sözügedən magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində isə son tamamlanma işləri aparılır. Daha sonra isə Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti