...

Qubada iribuynuzlu heyvanlar dabaq xəstəliyinə tutulub?

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2016 14:38 (UTC +04:00)
2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hazırda epizootik vəziyyət sabitdir.
Qubada iribuynuzlu heyvanlar dabaq xəstəliyinə tutulub?

Bakı. Trend:

2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hazırda epizootik vəziyyət sabitdir. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Dövlət Xidmətinin mütəxəssisləri Quba rayonunun Buduq kəndinə ezam olunub, orada araşdırmalar aparılıb, təxminən beş gün öncə ölmüş 1 baş iribuynuzlu heyvan baytarlıq-sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirilib və 3 baş xəstəliyə şübhəli iribuynuzlu heyvandan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına gətirilib. Müayinələrin nəticələri barədə əlavə məlumat veriləcək.

Kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilib və digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilib. Hazırda heyvanlar arasında heç bir ölüm halı yoxdur. Xatırladaq ki, respublikada olduğu kimi, Quba rayonunun Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilib və əhali arasında maarifləndirmə işi aparılıb.

Dövlət Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti