...

Azərbaycanın yeni iqtisadi modelinin 4 strateji məqsədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2016 17:50 (UTC +04:00)
"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" həm ölkə iqtisadiyyatının gələcəkdə necə inkişaf edəcəyinə, həm də əhalini yaxın bir neçə ildə nələrin gözləyəcəyinə işıq saldı.
Azərbaycanın yeni iqtisadi modelinin 4 strateji məqsədi

Azad Həsənli - Trend:

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" həm ölkə iqtisadiyyatının gələcəkdə necə inkişaf edəcəyinə, həm də əhalini yaxın bir neçə ildə nələrin gözləyəcəyinə işıq saldı.

İlk növbədə, bu fundamental sənəd iqtisadiyyatın inkişafında dövlətin və özəl sektorun rolunu aydın şəkildə göstərir: hökumət investisiyaların katalizatoru, özəl sektor isə iqtisadi inkişafın lokomotivi olacaq.

Bu, həmçinin o deməkdir ki, iqtisadiyyatda sadəcə özəl sektorun deyil, həm də kiçik və orta biznesin rolu artacaq. Hökumət, ilk növbədə, Azərbaycanın böyük reallaşdırılmamış potensialı olan turizm sahəsi kimi, xidmət sektorunu və istehsal sahəsini stimullaşdırmaq niyyətindədir.

Yol xəritəsinin vəzifəsi uzun müddət neft sektorunun hesabına inkişaf edən Azərbaycan iqtisadiyyatını balanslaşdırmaqdır. Bunun üçün hökumət iqtisadiyyatın "avanqard" sektoruna fokuslanmağı və əsas diqqəti hasilata deyil, emala, dövlət biznesinə deyil, şəxsi biznesə, az gəlirli bazarlara deyil, yüksək gəlirli işlərə, yüksək ixtisaslı iş qüvvəsinin formalaşdırılmasına yönəldəcək.

Sənəd üç dövri əhatə edir: 2020-ci ilə qədər, 2025-ci ilə qədər və 2025-ci ildən sonra. Birinci strateji hədəfə uyğun olaraq, hökumət maliyyə sabitliyini təmin etmək niyyətindədir və monetar siyasət üzən məzənnə rejiminə əsaslandırılacaq.

Maliyyə sabitliyinin təmin edilməsi üçün hökumət fiskal siyasətin çərçivələrini müəyyən edəcək və təbii resursların satışından əldə olunmuş gəlirlərin qənaətlə xərclənməsindən başqa, bu resursların düzgün istifadəsi üzərində nəzarəti gücləndirəcək.

Tebii resursların qənaətlə və səmərəli istifadəsi aydındır - axı bu resurslar sonsuz deyil. Hökumətin hesablamalarına görə, ölkənin neft-qaz resursları Səudiyyə Ərəbistanı, Qazaxıstan və İrandakı resurslardan daha əvvəl tükənə bilər.

Bundan əlavə, heç kim ortamüddətli və hətta uzunmüddətli perspektivdə neftin dəyərinin kəskin artacağını gözləmir. Bütün bunlar neft gəlirlərinin daha ehtiyatla istifadəsini vacib edir. Burada köməyə "qızıl qayda" gəlir.

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) xəzinəyə yönəltdiyi vəsaitin həcmi neftin dəyərindən asılıdır. "Qızıl qayda”nın tətbiqi isə bu həcmi sabitləşdirməyə və büdcəyə yalnız müəyyən məbləği yönəltməyə imkan verəcək. Bu halda onun həcmi "qara qızıl”ın qiymətlərindən asılı olmayacaq. Həmçinin bu, dövlət xərclərinin neftin dəyərindən müdafiəsini yüksəltməyə imkan verəcək. Başqa sözlə, neftin qiyməti aşağı olduqda, hökumət xərclərini azaltmağa məcbur olmayacaq. "Qızıl qayda”nın əsas nəzərdə tutduğu məsələ sabitlikdir.

"Qızıl qayda" manatın məzənnəsinin proqnozlaşdırılmasını sadələşdirəcək və öz növbəsində, daha uzunmüddətli planlar qurmağa, dövlət xərclərinin effektivliyini yüksəltməyə imkan yaradacaq. Bundan başqa, SOFAZ daha yüksək gəlirli və uzunmüddətli investisiyalar həyata keçirə biləcək və transfertlərin məhdudlaşdırılması fondun gələcək nəsillər üçün nəzərdə tutulmuş yığımlarını artırmağa imkan yaradacaq.

"Qızıl qayda" nə deməkdir? Bu prinsipə əsasən, dövlət büdcəsi neft gəlirlərindən yalnız müəyyən qədər xərcləyə biləcək, neftin satışından qalan qazanc SOFAZ-da saxlanılacaq və SOFAZ ölkə daxilindəki özəl investisiyalara təsir edə bilməsin deyə, fond yalnız xaricdə sərmayə qoyacaq.

Bu metod bir çox ölkələrdə istifadə edilir. Məsələn, Norveçin neft fondu - Dövlət Təqaüd Fondu hər il dövlət büdcəsinə öz gəlirlərinin yalnız dörd faizini yönəldə bilər. Hökumət xəzinəyə transfertlərin məhdudlaşdırılmasının dörd variantına baxır və Norveç metodu bunlardan biridir.

Bu halda hökumətin müəyyən vaxtdan sonra "qızıl qayda”nı təkrar gözdən keçirəcəyi nəzərdə tutulur.

Ortamüddətli xərclər çərçivəsinin yaradılması birinci məqsədin digər mühüm məqamlardan biridir. İllik büdcə onların əsasında formalaşacaq.

İkinci məqsəd özəlləşdirmə və dövlət müəssisələri ilə bağlı islahatları əhatə edir. Yol xəritəsinə əsasən Azərbaycanda "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun hazırlanır.

Üçüncü məqsəd çərçivəsində hökumət insan kapitalını inkişaf etdirmək niyyətindədir. Bu sahədə yol xəritəsi bütün mərhələlərdə təhsilin keyfiyyətinin yüksəldilməsini nəzərdə tutur. Əlbəttə, təhsil almaq vacib məsələdir, ancaq əsas odur ki, ali məktəb məzunları işələ təmin edilsinlər. Bununla əlaqədər Azərbaycanda işədüzəlmə mərkəzi təsis edilə bilər.

2025-ci ildə ölkədə ümumilikdə 450 mindən çox yeni iş yeri yaradıla bilər. Belə böyük sayda iş yerlərinin açılması üçün özəl sektorun yüksək fəallığı zəruridir. Bu isə yol xəritəsində qeyd olunan dördüncü məqsəddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti