...

AMEA biznes-forum keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2017 17:09 (UTC +04:00)
“Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu" mövzusunda biznes-forum keçiriləcək.
AMEA biznes-forum keçirəcək

Bakı. İlhamə Isabalayeva - Trend:

1-2 mart 2018-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə biznes-forum keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bugünkü iclasında məlumat verib.

İclasda bu məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, forum AMEA-nın elmi müəssisələrində biznes fəaliyyətinin genişləndirilməsi və bilik əsaslı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi daşıyır.

Qeyd edib ki, forum intellektual kapitalın və innovasiya sahibkarlığının inkişafını, elmi-tədqiqat işlərinin sənaye və real biznesin, o cümlədən aqrar sektorun tələblərinə uyğun formalaşdırılmasını, innovativ iqtisadi ekosistemin, intellektual potensialın və bilik əsaslı iqtisadiyyatın inkişaf dinamikasına dəstək verilməsi kimi məsələləri nəzərdə tutur.

Rəyasət Heyəti məsələ ilə bağlı müzakirədən sonra “Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu" mövzusunda biznes-forumun keçirilməsi, həmçinin forumla əlaqədar Akademiyada təşkilat komitəsi, AMEA “YT Park”da isə işçi qrupun yaradılması haqqında qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti