Bakı. Elnur Bağışov - Trend:
Azərbaycan İranın MDB ölkələri bazarlarına girişi üçün dəhliz ola bilər.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı ticarət attaşesi Mehdi Babayi İranın Zəncan vilayəti Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının onlayn şəkildə keçirilən iclasında deyib.
M.Babayinin sözlərinə görə, Azərbaycan bölgədə tranzit mərkəzinə çevrilmək istiqamətində müəyyən investisiyalar yatırıb və məhsul tranzitində regional mərkəzə çevrilmək niyyətindədir.
O, əlavə edib ki, üçüncü ölkələrə məhsul ixrac etmək məqsədilə Azərbaycanda yaradılan imkanlardan istifadə etmək lazımdır.
İranlı rəsmi deyib ki, İran Azərbaycana hazırda 1,3 min növ məhsul ixrac edir. Məhsul növlərini artırmaqla İranın Azərbaycanla ticarət dövriyyəsini ildə 500 milyon dollardan 1,5 milyard dollara yüksəltmək mümkündür.
İclasda Zəncan Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri Əli Yeganəfərd bildirib ki, Azərbaycanın ticarət potensialları ilə tanışlıq, ticarət əməkdaşlıqlarının inkişaf etdirilməsi istiqamətində işlər görülür.
Ə.Yeganəfərdin sözlərinə görə, kənd təsərrüfatı məhsulları, startap şirkətlərin məhsulları, qiymətli daşlar, sink külçə kimi məhsulların Zəncan vilayətindən ixrac edilməsi mümkündür. Bundan başqa Qarabağın bərpasında və səhiyyə sahəsində əməkdaşlıq etmək olar.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının bildirdiyinə əsasən, 4 ay ərzində (21 mart -22 iyul 2021) İranın Azərbaycanla ticarət dövriyyəsi 140 milyon dollar dəyərində 266 min ton məhsul təşkil edib.
Twitter:@BaghishovElnur