...

Aİ və Dünya Bankının Azərbaycan üzrə qrant sazişi bazarda rəqabətin artırılmasına kömək edəcək - Peter Mixalko (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2022 12:00 (UTC +04:00)
Aİ və Dünya Bankının Azərbaycan üzrə qrant sazişi bazarda rəqabətin artırılmasına kömək edəcək -  Peter Mixalko (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Avropa İttifaqı (Aİ) və Dünya Bankı Azərbaycan hökumətinə dəstək üçün ilk dəfə öz resurslarını birləşdirib.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Aİ və Dünya Bankı arasında 5,25 milyon avro dəyərində qrant sazişinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu sənəd strateji prioritetlərə uyğun olaraq silsilə texniki yardım fəaliyyətlərini əhatə edir.

"Aİ və Dünya Bankının bu aləti Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi təmin edəcək. Bu təşəbbüs Aİ və Azərbaycan arasında tərəfdaşlığın növbəti nümayişidir", - deyə o bildirib.

P.Mixalko qeyd edib ki, bu proqram 2024-cü ilədək nəzərdə tutulub və iqlim dəyişiklikləri, pandemiya ilə mübarizə, ətraf mühitin mühafizəsi və digər sahələri əhatə edir.

"Proqramın məqsədi Azərbaycan hökumətinə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə" uyğun olaraq, məsləhət və analitik dəstəyi ve potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi ve bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırılmasına, bazarda rəqabətin artırılmasına kömək edəcək. Sənəd Aİ-nin bu yaxınlarda 2 milyard avro investisiya potensialının olduğunu açıqladığı və müvafiq beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq Azərbaycan üçün İqtisadi və İnvestisiya Planı ilə əlaqələndiriləcək", - Aİ nümayəndəsi deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti