Bakı. Trend:
Dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsi bir sıra məsələlərin həllinə imkan verəcək.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Nazir müavini bildirib ki, qanun layihəsinin əhatə dairəsi genişdir və sənəd hazırlanarkən dünya təcrübəsi öyrənilib.
"Azad edilmiş ərazilərin bərpasına böyük vəsait tələb olunur. Bu qanunun qəbulu bizə imkan verir ki, digər ölkələrlə bu istiqamətdə birgə işləyə bilək. Eyni zamanda bu gün məhkəmə mübahisələri ilə bağlı da narahatlıq var. Yeni qanun layihəsinin qəbulu istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə məhkəmə mübahisələrinin həllinə imkan verəcək", - deyə E.Əliyev əlavə edib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.