Bakı. Trend:
Azərbaycanın sulfat turşusu istehsalçısı "Azərsulfat" MMC yaxın gələcəkdə Gürcüstana ilk məhsul partiyasını ixrac etməyə başlayacaq.
Trend-in məlumatına görə, bu barədə mediatur zamanı MMC-nin direktoru Emil Quliyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, ümumilikdə 7 500 ton məhsul ixrac olunacaq.
E.Quliyev bu gün Azərbaycanın sulfat turşusuna tələbatının ildə 11 min ton təşkil etdiyini qeyd edib.
"Azərsulfat" MMC-nin istehsal gücü ildə 20 min ton təşkil edir, sutka ərzində isə bu göstərici 60 tona çatır", - müəssisə direktoru deyib.
O, "Azərsulfat" MMC zavodunun ekoloji cəhətdən təmiz müəssisə olduğunu və atmosferə tullantılarının demək olar ki, sıfıra bərabər olduğunu vurğulayıb.
"Sənaye parkının 1,5 ha ərazisində inşa edilmiş zavodda təmas üsulu ilə 93 və 98 faiz konsentrasiyada sulfat turşusu istehsal edilir", - E.Quliyev əlavə edib.
Onun sözlərinə görə, 2023-cü ildə MMC kükürdü SOCAR neft emalı zavodunda əldə edəcək.
Xatırladaq ki, 2022-ci ilin dekabr ayında "Azərsulfat" MMC sulfat turşusu istehsal edən zavodu işə salıb.
Müəssisədə 10 milyon manatdan yuxarı həcmdə investisiya ilə 42 nəfər daimi iş yeri ilə təmin olunub. Müəssisə fəaliyyətə başladığı vaxtdan daxili bazarda 1 600 tondan artıq məhsul satışa çıxarıb.