Bakı. Trend:
Əsas məqsədimiz "Made in Italy" məhsullarını Azərbaycanda tanıtmaqdan ibarətdir.
Trend xəbər verir ki, bu barədə İtaliya Kənd Təsərrüfatı Texnikası İstehsalçıları Assosiasiyasının baş direktor müavini Fabio Riççi Azərbaycan-İtaliya biznes forumu çərçivəsində jurnalistlərə deyib.
"Bundan başqa, Azərbaycana texnika istehsalında, yəni kənd təsərrüfatı texnikasının mexanizasiyasında, eləcə də kənd təsərrüfatı məhsullarının emalında kömək göstəririk. Həmçinin, saxlama və soyutma sistemləri ilə təmin edirik", - deyə o bildirib.
Fabio Riççi əlavə edib ki, Azərbaycan İtaliya Kənd Təsərrüfatı Texnikası İstehsalçıları Assosiasiyasının avadanlıq ixrac etdiyi 180 ölkə sırasına daxildir.
Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb edilməsinə həsr olunmuş tədbir keçirilir.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı, eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)