Bakı. Trend:
Niderland su ehtiyatlarının idarə olunması baxımından Azərbaycandan çox şey öyrənə bilər.
Trend xəbər verir ki, bu barədə Niderlandın su ehtiyatları üzrə xüsusi nümayəndəsi Meike van Ginneken ADA Universitetində keçirilən təlim sessiyasında deyib.
"Niderland və Azərbaycan su ehtiyatlarının idarə olunması baxımından bənzər ölkələrdir. Su ehtiyatlarının idarə edilməsi üzrə mühüm təcrübə toplamışıq və bunu Azərbaycanla bölüşə bilərik. Bu, texnologiyaya, suyun idarə edilməsi üçün tələb olunan məlumatların emalına və suyun çirklənməsinə nəzarətə aiddir.
Eyni zamanda, Azərbaycandan da çox şey öyrənə bilərik, burada bizim üçün faydalı təcrübə toplanıb. Azərbaycana səfərim zamanı universitetlərimiz, tədqiqat institutlarımız və şirkətlərimizə necə dəstək ola biləcəyimizi, o cümlədən, Azərbaycanın su ehtiyatlarının idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində tətbiq etdiyi metodları öyrənmək istəyirəm", - o deyib.
Meike van Ginneken qeyd edib ki, Dünya Bankının Azərbaycan üzrə hesabatında təklif olunan metodları gözdən keçirərkən üç əsas kateqoriyanı ayırd etmək mümkündür.
"Birincisi, mühəndis-texnoloji tədbirlərdir. Su çatışmazlığı şəraitində təsərrüfatlarda suvarma səmərəliliyinin artırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti suvarma sahələrini genişləndirməyə çalışır, lakin bunun üçün sudan istifadənin səmərəliliyinin artırılması və su sızmasının azaldılması üzrə səylər ikiqat artırılmalıdır. Əsasən sovet dövründə tikilmiş hidrotexniki infrastrukturun bərpası və modernləşdirilməsi də mühüm vəzifədir", - Meike van Ginneken deyib.
Onun sözlərinə görə, ikincisi, məkan planlamasıdır.
"Hesabatda kənd təsərrüfatı subsidiyalarının iqlim dəyişikliyinə adaptasiyanı dəstəkləməsi üçün islahatların aparılmasının zəruriliyi vurğulanır. Dünya miqyasında kənd təsərrüfatı subsidiyaları ildə təxminən 680 milyard dollar təşkil edir və çox vaxt səhv istiqamətə yönəldilir. Nəticədə, meşələrin qırılmasının 70 faizi kənd təsərrüfatına verilən subsidiyalarla əlaqəlidir.
Azərbaycanda da kənd təsərrüfatı subsidiyaları üzrə islahatlar aparmaqla əkin sahələrinin strukturunu dəyişmək, fermerləri daha az su tutumlu məhsullardan istifadə etməyə inandırmaq və kiçik fermerlərin yeni şəraitə adaptasiyasına kömək etmək olar. Hazırda istər Azərbaycanda, istərsə də digər ölkələrdə subsidiyaların böyük hissəsi iri istehsalçılara verilir.
Beləliklə, mühəndis-texnoloji tədbirlər, məkan planlaşdırılması və kənd təsərrüfatı subsidiyalarında islahatlara kompleks yanaşma Azərbaycanın su çatışmazlığının öhdəsindən səmərəli şəkildə gəlməsinə və kənd təsərrüfatının iqlim dəyişikliyinə dayanıqlılığını artırmağa imkan verəcək", - deyə xüsusi nümayəndə əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)