Bakı. Trend:
Azərbaycan və İraqın tikinti, tütünçülük və tərəvəzçilik sahələrində böyük əməkdaşlıq perspektivləri mövcuddur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “Azərbaycan-İraq” Biznes Forumunda deyib.
O, İraqda bir çox Azərbaycan tikinti şirkətinin fəaliyyət göstərdiyini və mühəndislik işlərindən əlavə, tikinti materiallarının təchizatının müzakirə edildiyini xatırladıb.
Y.Abdullayev, 2024-cü ilin yanvar ayında AZPROMO-nun Azərbaycan şirkətləri ilə birgə Bağdaddakı 47-ci beynəlxalq ticarət sərgisində iştirak etdiyini və orada Azərbaycanın çay fabrikləri və mineral su istehsalçıları məhsullarını təqdim etdiyini qeyd edib.
"Sərgidə Azərbaycanın mineral su istehsalçılarından biri müqavilə imzalayaraq, mineral suyun İraqa ixracına başlayıb. Bu, işgüzar insanlar arasında uğurlu əməkdaşlığın nümunəsidir və bu ənənəni davam etdirmək istəyirik", – AZPROMO rəhbəri bildirib.
O, 17 sentyabr 2024-cü il tarixində yaradılmış Azərbaycan-İraq İşgüzar Şurasının 2 ölkə arasında ticarət dövriyyəsinin artmasına kömək edəcəyini və iş adamları arasında işgüzar əlaqələrin inkişafını təşviq edəcəyini düşünür.
Bu Şura yaranan çətinliklərin öhdəsindən gəlməyə də kömək edəcək.
"Azərbaycan logistika şirkətlərini stimullaşdırmağa başlayır və məncə, belə dövlət dəstəyi İraqla ticarət əlaqələrinin inkişafını genişkındirmək üçün də vacib olacaq (Türkiyə və İran ərazisindən keçməklə)", – Y.Abdullayev əlavə edib.