...

Azərbaycan rəqəmsal innovasiyaların sürətləndirilməsi üçün normativ bazanı təkmilləşdirir - Rauf Nəcəfli

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2024 13:13 (UTC +04:00)
Azərbaycan rəqəmsal innovasiyaların sürətləndirilməsi üçün normativ bazanı təkmilləşdirir - Rauf Nəcəfli
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəqəmsal innovasiyalar üçün daha əlverişli şəraitin yaradılması məqsədilə normativ bazanın təkmilləşdirilməsi növbəti addımlardan biri olacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası dördüncü sənaye inqilabının metodları və ideyaları ilə uyğunlaşdırılmalıdır.

“Əvvəlcə, söhbət sektorlarda və biznesdə transformasiyadan gedir. Bu istiqamətdə atılacaq əsas addımlardan biri növbəti nəsil texnologiyalar mərkəzinin yaradılmasıdır. Mərkəz rəqəmsal transformasiyanı dəstəkləməkdə mühüm rol oynayacaq, praktik təlimlər təqdim edəcək və müxtəlif sahələrdə innovasiyaları stimullaşdıracaq. Türkiyənin təcrübəsi Azərbaycan üçün mühüm meyar olmuşdur. Yeni mərkəz iqtisadiyyatın müxtəlif sektorlarda əmək məhsuldarlığını 31 faiz artırmağa kömək edəcək”, - o qeyd edib.

O vurğulayıb ki, normativ bazanın təkmilləşdirilməsi rəqəmsal innovasiyalar üçün daha əlverişli şərait yaratmaq məqsədilə atılacaq növbəti addımlardandır.

“Əsas tədbirlər artıq görülüb, lakin işlər davam edir. Prioritet vəzifələrdən biri startapların və texnoloji şirkətlərin yaradılmasının asanlaşdırılması, vergi güzəştlərinin təqdim edilməsi və yerli və xarici investisiyaları cəlb etmək məqsədilə intellektual mülkiyyətin qorunmasıdır”, - o əlavə edib.

Rauf Nəcəfli, strategiyanın 3-cü istiqaməti kimi rəqəmsal iqtisadiyyatda uğurlu fəaliyyət üçün kadr potensialının inkişafını göstərib.

“Əsas aspekt, həm avadanlıq, həm də proqram təminatından səmərəli istifadə edə bilən mütəxəssislərin hazırlanmasıdır. Avadanlıq hissəsi kadr məsələləri ilə müqayisədə daha az mürəkkəbdir. Bu təşəbbüslər çərçivəsində biz rəqəmsal inkişaf nazirliyi və Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq edirik, həmçinin süni intellekt sahəsində layihələri inkişaf etdiririk”, - o vurğulayıb.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti