Bakı. Trend:
“Avail Infra Group”un tərkibinə daxil olan və baş ofisi ABŞ-də yerləşən “WSI” şirkəti Azərbaycanda biznes imkanlarını araşdırır.
Bunu Trend-ə açıqlamasında WSI şirkətinin Müştərilərlə İş üzrə meneceri Stanislav Rıbakov bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbiri çərçivəsində deyib.
O, əvvəlcə şirkət barəsində danışıb: "Biz əsasən neft emalı zavodlarında təzyiq altında olan avadanlıqların xidmətləri və ömrünün uzadılması üzrə təmir işlərini həyata keçirir. Şirkət xüsusilə distillə kolonları, hidrokrakerlər və gecikdirilmiş koker bloklarında xidmət göstərir".
Şirkət nümayəndəsinin sözlərinə görə, WSI hazırda Azərbaycanda və regionda biznesin inkişafı imkanlarını araşdırır və xidmətlərin həyata keçirilməsində tərəfdaşlar axtarır.
“Biz yalnız xidmət göstəririk, məhsul tədarük etmirik. Bu konfransda iştirakımızın məqsədi bazar imkanlarını öyrənmək, yerli qaydaları başa düşmək və bazara giriş imkanlarını qiymətləndirməkdir”, – deyə o bildirib.
Rıbakov əlavə edib ki, WSI dünya üzrə geniş fəaliyyət göstərir və hazırda ABŞ, Avropa, Yaxın Şərq, Afrika, Sinqapur və Tayvan da daxil olmaqla bir çox ölkələrdə işləyir. O qeyd edib ki, şirkət Xəzər regionu bazarını daha yaxından öyrənərək yeni imkanları araşdırmaq niyyətindədir.
