...

AZƏRBAYCANIN MDB ÖLKƏLƏRİ İLƏ APARDIĞI TİCARƏT ƏMƏLİYYATLARININ HƏCMİ 1,1 MİLYARD DOLLAR TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 11:45 (UTC +04:00)

Bu ilin 7 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı idxal-ixrac əməliyyatlarının həcmi 1 milyard 128 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən Trend xəbər agentliyinə verilən məlumata görə, hesabat dövründə MDB ölkələrinə 320 milyon dollar dəyərində mal ixrac edilib ki, bu da ölkənin ümumi ixracının 19,9%-ni təşkil edir.

Eyni zamanda bu dövrdə ölkənin ümumi idxalının 31,5%-ni MDB ölkələrindən gətirilən mallar təşkil edib. Belə ki, yanvar-iyul aylarında bu qurumun üzvü olan ölkələrdən Azərbaycana 808 milyon dollar dəyərində mal idxal edilib. Beləliklə 7 ayda MDB ölkələri üzrə 488 milyon dollar mənfi saldo yaranıb.

Hesabat dövründə Azərbaycandan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və neft məhsulları, qeyri-üzvi kimya məhsulları, pambıq, çay və s. məhsullar ixrac edilib. MDB ölkələrindən isə Azərbaycana quru nəqliyyat vasitələri, qara metallardan hazırlanan məmulatlar, avadanlıqlar, mexaniki cihazlar və s. idxal edilib.

Qeyd edək ki, 2005-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumilikdə dünyanın 130 ölkəsi ilə apardığı ticarət əməliyyatlarının həcmi 4 milyard 177 milyon dollar təşkil edib. İdxal-ixrac əməliyyatları üzrə 955 milyon dollar mənfi saldo əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti