...

Martın 1-dən İpoteka fondunun agent bankları ipoteka kreditlərinin verilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 18:06 (UTC +04:00)

Martın 1-dən Azərbaycanın ipoteka fondu (AİF) baş sazişə qoşulan 15 səlahiyyətli bankdan ipoteka kreditlərinin verilməsinə başlayır. Trend in məlumatına görə, bu gün keçirilən brifinqdə fondun icraçı direktoru Faiq Məmmədov bu barədə bildirib. Onun sözlərinə görə, həmin vaxtadək hazırlıq işləri görüləcək. Artıq institusional işlər aparılıb, kotirovka dərəcəsi müəyyən edilib, ipoteka kağızlarının dövlət qeydiyyatı qaydaları və digər lazımi normativ sənədlər təsdiq edilib.

Hazırda mənzili sığortalaşdıracaq və qiymətləndirəcək sığorta şirkətləri və müstəqil qiymət qoyanlar müəyyən edilir.

AMB idarə heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, Milli bankın idarə heyəti tərəfindən 6% səviyyəsində kotirovka dərəcəsi müəyyən edilib, amma buna il ərzində iki dəfə baxıla bilər. Bundan başqa, gələcəkdə AİF digər mənbələrdən (beynəlxalq kreditlər, pensiya fondları və s.) ipoteka kreditləşdirilməsinə ehtiyatların cəlb edilməsi ilə bağlı olaraq xərc çəkəcək və fondun səmərəli fəaliyyətinin təmin edilməsində bu xərclərin ödənməsi yolunun müəyyən edilməsi lazım olacaq. Hələlik AİF-in əsas maliyyələşdirmə mənbəyi dövlət büdcəsidir.

Agent banklar tərəfindən veriləcək ipoteka kreditlərinin faiz dərəcəsi 12%-i ötməməlidir və beynəlxalq ekspertlərin fikrincə, bu, bütün dünyada ən aşağı dərəcədir. A.Quliyev əmindir ki, rəqabət çərçivəsində banklar kreditləri münasib dərəcə ilə verməyə çalışacaq. Aydındır ki, ipoteka kreditləri sığorta və qiymət qoyanın cəlb edilməsinə çəkiləcək əlavə xərclərə görə borc götürənə baha başa gələcək. Bir borcluya olan maksimum hədd 30 min yeni manatadək təşkil edir. Kreditlərin verilməsi müddəti 3 ildən 15 ilədək müəyyən edilib.

Əsasında kreditlərin cəlb ediləcəyi sənədlərin siyahısı da artıq müəyyən edilib. Başlıcası odur ki, banklar borc götürənin vergi orqanları tərəfindən təsdiq edilmiş gəlirini qəbul edəcək, yəni adi arayış nəzərə alınmayacaq. İnşası başa çatdırılmamış evlər, torpaq sahələri girov olaraq qəbul edilə bilməz.

A.Quliyev həm də gələcəkdə agent bankların siyahısının genişləndirilməsi imkanı barədə bildirib və qeyd edib ki, yalnız ilk mərhələdə 15-i seçilib. Bu bankların seçimində əsas meyarlar aktivlərin həcmi və digər maliyyə göstəriciləri olub.

Xəbər lenti

Xəbər lenti