...

Vergilər Nazirliyi stimullaşdırıcı lotereya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2006 18:03 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi "Yoxlama-kassa aparatından çek götür, avtomobil qazan" stimullaşdırıcı lotereya elan edib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Vergilər Nazirliyinin Operativ Nəzarət bölməsinin rəhbəri Qabil Məmmədov aprelin 21-də keçirilən mətbuat konfransında bildirilib. Hazırda artıq 5 min belə kupon nəşr olunub və lazım gəldikdə bunların sayı artırılacaq.

Q.Məmmədovun dediklərinə görə, bu tədbir satılan mallar və göstərilən xidmətlər üzrə ödənilmiş nağd pulun tam olaraq kassa aparatlarına daxil olmasını təmin etmək üçün əhalinin təşviqinə xidmət edir.

Lotereyanın keçirilməsi Dövlət Qiymətli Kağızlar Komitəsi ilə razılaşdırılıb. Burada 2006-cı ilin aprelin 15-dən iyulun 1-dək əhali tərəfindən alınan çeklər oynanılacaq. Bu çeklər yaxınlıqdakı vergi orqanına təhvil veriləcək və əvəzində lotereyada oynanılacaq xüsusi kupon alınacaq.

Lotoreyanın şərtləri aşağıdakı kimidir:

1.Çeklər aprelin 15-dən iyulun 1-dək olan müddətdə alınmalıdır;

2. Çeklərin yalnız orijinalı təqdim olunmalıdır;

3. Təqdim olunmuş çeklərin sayı 100-dən az olmamalıdır;

4. Çeklərin məbləği 500 yeni manatdan az olmamalıdır.

5. Valyuta mübadiləsi məntəqələrində alınmış çeklər lotereyada oynanılmayacaq;

6. Çeklər aydın oxunmalı və bütün rekvizitlərə malik olmalıdır.

Kuponun alınması üçün qeyri-məhdud sayda çek təqdim oluna bilər. Lotereya iyulun 20-də AzTI-1 telekanalında oynanılacaq. Uduş fondu bir VAZ 2107 avtomobili, 5 soyuducu, 10 videomaqnitofon, 10 müsiqi mərkəzi, 10 tozsoran və 10 ütüdən ibarətdir.

Onun sözlərinə görə, ümumilikdə ildə dörd dəfə belə lotereya keçirmək planlaşdırılır. Birinci turun nəticələrinə görə, gələcəkdə lotereyanın şərtlərinə dəyişiklik edilə bilər. Bu çekin alınma tarixinə aid ola bilər. Gələcəkdə bütün çeklərin oynanılacağı sistem tətbiq oluna bilər. Bundan əlavə, çekın məbləği və uduş fondu da dəyişdirilə bilər.

Yoxlama zamanı saxta çeklər aşkarlanarsa, vətəndaş məsuliyyətə cəlb olunmayacaq və ona verilmiş kupon qüvvədə qalacaq.

Q.Məmmədovun dediklərinə görə, hazırda Bakıda nağd ödənişin gerçəkləşdirildiyi təxminən 25 min obyekt var. Bunların 22 minində kassa aparatı var. Bu ilin birinci rübündəNazirlik tərəfindən 3.924 yoxlama aparılıb. Bu isə təxminən ötən ilin birinci rübü ilə müqayisədə iki dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti