Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası aprelin 25 -də "Qaradağ-sement" SC-nin 20% iştirak payını $10 mln-a almaqla bağlı məsələyə baxacaq. Zavodun baş direktoru Uve Kexlerin Trend ə verdiyi məlumata görə, AYİB səhmlərin bir hissəsini zavodu 1999-cu ildə özəlləşdirən İsveçrənin Holcim şirkətinin paketindən alır. Şirkətin sərəncamında səhmlərin 89,4%-i yerləşir, digərləri isə xırda səhmdarlardadır.
Avropa bankı ortamüddətli perspektivdə müəssisənin səhmdarlarının tərkibinə 5-7 il müddətinə daxil olmağı planlaşdırır. AYİB-dən cəlb olunan vəsait fəaliyyət göstərən sobaların elektrostatistik süzgəcinin quraşdırılmasına yönəldiləcək. Ümumilikdə, sement zavodunun rekonstruksiyasına yeni sobanın tikintisi barədə qərar qəbul olunacağı halda $110-120 mln. məbləğdə vəsait qoyulacaq. AYİB-in prezidenti Jan Lemyer Azərbaycana səfəri zamanı sement zavoduna kreditin verilməsi barədə AYİB-in planını təsdiqləmişdi. Baxmayaraq ki, danışıqlar hələ çox erkən mərhələdədir. "İnfrastruktur layihələrinin inkişafı və tikintisi nəzərə alınarsa, sement istehsalı qeyri-neft sektorunun inkişafı üçün çox mühümdür", - deyə J.Lemyer bildirib.
Özəlləşdirildiyi andan "Qaradağ sement"ə $40 mln. investisiya qoyulub ki, bu vəsaitdən $30 mln. Holcim şirkətinin krediti kimi cəlb edilib.