Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2002-ci ildən 2006-cı ilin mart ayına qədər dövlətin Bakı -Tbilisi -Ceyhan (BTC) layihəsində iştirak payının ödənilməsi üçün 300 milyon dollar ayırıb. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda keçirilən "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" konfransında ARDNF-nin icra direktoru Şahmar Mövsümov bildirib.
Bu dövr ərzində ölkənin dövlət büdcəsinə olan köçürmələr 570 milyon dollar təşkil edib. O göstərib: "Bu vəsaitlərdən dövlət investisiya və sosial layihələrin maliyyələşdirilməsi üçün istifadə olunur".
Ş.Mövsümovun sözlərinə görə, yalnız Samur-Abşeron və Oğuz -Qəbələ kanalının bir hissəsinin drenaj sisteminin yenidən qurulmasına 140 milyon dollar ayrılıb. O deyib: "Hökümət qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırması üçün tədbir görür". 2001-ci ildən ARDNF-dən bu məqsəd üçün 150 milyon dollar ayrılıb. O qeyd edib: "Bu isə, öz növbəsində, tikinti materiallarına olan sifarişlərin, işçi qüvvəsinə olan tələbatın artmasına səbəb olur".