Azərbaycan Milli Bankı 2006-cı ilin sonunadək milli valyutanın Amerika dollarına nisbətən möhkəmlənməsi üzrə proqnozların artma ehtimalını təsdiq edib.
"İlkin olaraq dolların məzənnəsinin 6-8% səviyyəsində ucuzlaşmasını proqnoz etmişdik, lakin 2006-cı ilin büdcə proqnozlarının və neft-qaz layihələrindən böyük valyuta daxilolmalarının təshihi nəticəsində istisna edilmir ki, manat ilin sonuna qədər ikirəqəmli səviyyədə möhkəmlənəcək", - deyə AMB idarə heyəti sədrinin binici müavini Alim Quliyev bildirib.
O hesab edib ki, milli valyutanın möhkəmlənmə prosesinin proqnozlaşdırılması - mürəkkəb prosesdir. Bu zaman dövlət büdcəsi proqnozlarının düzəldilməsi, iqtisadi inkişaf nəzərə alınmalıdır, ona görə də manatın birrəqəmli və ya ikirəqəmli səviyyədə möhkəmlənəcəyi barədə heç nə demək olmaz, bu vəziyyətdən asılı olacaq.
AMB başçısı Elman Rustəmovun bu yaxınlarda verdiyi bəyanata əsasən, digər neftçıxarma ölkələri Qazaxıstan və Rusiyada inflyasiya artımının qrafiki, eyni zamanda rubl və tenqenin dollara nisbətən möhkəmlənmə templəri Azərbaycandakından 7-8% çoxdur.
"Biz manatın həm nominal məzənnəsinin, həm də ölkənin əsas xarici ticarət partnyorlarının məzənnələrinə nisbətən möhkəmlənmə vəziyyətini təhlil edirik. Ötən 5 ay ərzində inflyasiyanın səviyyəsi və milli valyuta məzənnəsi Azərbaycanın qeyri-neft sektorunun xarici ticarət münasibətlərinin göstəricilərinin pisləşməsinə səbəb olmayıb. Ölkənin əsas xarici ticarət partnyorlarında inflyasiya templərinin artım dinamikası daha yüksəkdir, ona görə də manatın effektiv məzənnəsi bahalaşmayıb", - deyə E.Rüstəmov vurğulayıb.