...

Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Estoniyaya yola düşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2006 17:35 (UTC +04:00)

Avqustun 7-də Dövlət Gömrük Komitəsi (DGK), Prezident aparatı, Nazirlər Kabineti, Milli Məclis, Ədliyyə Nazirliyi, BMT-nin İnkişaf proqramının (UN DP) nümayəndələrinin daxil olduğu Azərbaycanın nümayəndə heyəti Estoniyaya- bu ölkənin vergi və gömrük departamentinə işgüzar səfər edəcək. Trend in UNDP-in məlumatına istinadən verdiyi xəbərə görə, 15 nəfərdən ibarət nümayəndə heyətinə DGK-nin sədr müavini Əsgər Abdullayev başçılıq edəcək.

Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsi layihəsi çərçivəsində baş tutacaq bir həftəlik səfərin əsas məqsədi Avropa İttifaqının gömrük məcəlləsinin təcrübəsinin öyrənilməsindən ibarətdir. Səfər çərçivəsində müasir prosedurlarla tanış olmaq məqsədi ilə nümayəndə heyətinin Muuqa limanına getməsi planlaşdırılır.

Avropa Komissiyasının vəsaitləri hesabına maliyyələşdirilmiş və UN DP tərəfindən həyata keçirilmiş bir illik layihə 2006-cı ilin yanvar ayında başlanılıb. 900 min avro dəyərində layihənin məqsədi gömrük sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində, onun dünya standartlarına, xüsusilə də Avropa İttifaqının gömrük məcəlləsinə uyğun olması, DGK-nin informasiya texnologiyalarının inkişaf strategiyasının təkmilləşdirilməsi və reallaşmasında DGK-ya yardımın göstərilməsindən ibarətdir.

Səfər zamanı vergi və gömrük departamentinin vəzifəli şəxsləri, o cümlədən departamentin baş direktoru ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti