Bank Respublika Qara dəniz Ticarət və İnkişaf Bankının ticarət maliyyələşdirməsi üzrə 2,3 mln. avro məbləğində kredit xəttini tamamilə mənimsəyib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Həmin kredit xəttinin verilməsi üçün Bank Respublika və Qara dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında saziş 4 iyul 2006-cı ildə imzalanıb.
Həmin proqram çərçivəsində şirkətlərin ticarət əməliyyatları - malların Qara dəniz Ticarət və İnkişaf Bankının üzv-ölkələrindən Azərbaycana idxalı və malların Azərbaycandan ixracı maliyyələşdirilir. Üzv-ölkələrə Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələr daxildir.
Bank Respublika həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Almaniya-Azərbaycan Fondu, DEG İnvestisiya Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank, Milli Sahibkarlığa yardım fondu və sahibkarlığın kreditləşdirilməsi və ticarət maliyyələşdirilməsinin müxtəlif proqramları üzrə digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir.
Bank Respublika üçün açılmış müxtəlif maliyyə institutları xəttinin ümumi həcmi 65 mln. ABŞ dollarını ötüb. Bu isə Bankın müştərilərə daha səmərəli şərtlərlə uzunmüddətli biznes-kreditlər və ticarət maliyyələşdirməsi üzrə maliyyə xidmətləri göstərməsi imkanını genişləndirib.