...

Azərbaycan parlamentində Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2006 17:58 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan parlamentinin bugünkü iclasında deputatlar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin müzakirəsinə başlayıb. Fondun sədri Səlim Müslümov parlamentarilər qarşısında bildirib ki, 2007-ci il üçün fondun gəlirləri və xərcləri 920,19 milyon manat miqdarında proqnozlaşdırılır və 2006-cı il büdcəsini 56,1% üstələyir. Onun sözlərinə görə, fondun mövcud olduğu 15 il ərzində belə artım ilk dəfə müşahidə olunur.

"2007-ci ildə fondun gəlirlərinin 72,9%-i və ya 670,728 milyon manatı mütləq sosial sığortalamanın məbləği hesabına təmin olunacaq. Dövlət büdcəsindən köçürmələr 248,29 milyon manat, fondun digər gəlirləri isə 1,22 milyon manat təşkil edir", - deyə o bildirib.

Onun sözlərinə görə, gələn il DSMF-in xərcləri strukturunda əhaliyə ödəmələr üçün bütün gəlirlərin 94,5%-i və ya 869 milyon 988,24 min manatı istiqamətləndiriləcək. Bu məbləğdən 846 milyon 850,5 min manat əmək təqaüdlərinin ödənilməsinə yönəldiləcək. 2006-cı il illə müqayisədə bu ödəmələrin həcmi 56 % artacaq.

"Gələn il məşğulluq üzrə tədbirlərin maliyyələşdirilməsinə fondun büdcəsindən 5 milyon manatdan çox vəsaitin, əlillərin sosial müdafiəsini gücləndirmək üçün 11,3 milyon manat yönəltmək planlaşdırılır. 2207-ci ildə DSMF mərkəzi apparatını və yerli orqanlarını saxlamaq üçün 13,4 milyon manat ayrılacaq", deyə S.Müslümov əlavə edib.

DSMF-in sədri qeyd edib ki, 2007-ci ildə ölkədə təqaüdlərin orta aylıq miqdarı 32,6% qalxaraq 55,7 manat olacaq. O xəbər verib ki, 2007-ci ilin 1 yanvarından əmək təqaüdlərinin baza hissəsi 35-dən 40 manata qaldıracaq, 2007-ci ilin 1 iyulundan o 45 manat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti