2006-cı ildə Azərbaycan iqtisadiyyatına dövlət büdcəsindən 881 mln. manat investisiya qoyulub, bu barədə Trend xəbər verir. Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2006-cı ilin sosial iqtisadi yekunları və 2007-ci ildə qarşısında duran məsələlərə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifovun məlumatına görə, Dövlət Neft Fondunun vəsaitlərindən kapital qoyuluşu 395 mln. manat təşkil edib, dövlət zəmanəti altında xarici kreditlərın hesabına 480 mln. $ yönəldilib.
2005-ci illə müqayisədə dövlət investisiyalarının həcmi manatla ifadədə 1,3 mlrd manat və ya 3,4 dəfə artıb.
Nazirin sözlərinə görə, ötən il sosial istiqamətlənmə layihəsinə 205,3 mln. manat investisiya qoyulub. Həmçinin ARDNF-dən qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitlərinin yaxşılaşdırılmasına 109,4 mln. manat ayrılıb.
Mədəniyyət və turizm obyektlərinin tikintisi və təmirinə ayrılmış vəsaitlər hesabına 11,6 mln. manat Dövlət Dram teatrının, Dövlət opera və balet teatrının, Rus dram teatrının, dövlət Kukla teatrının, Dövlət Film fondunun, Bakı dövlət sirkinin və s. təmir və bərpa işlərinə yönəldilib.
Gənclər və idman obyektlərinin tikinti və təmirinə 14,1 mln. manat yönəldilib. Bununla bərabər, infrastruktur layihələrinin maliyyələşməsinə ARDNF-ın 120 mln. manatı da daxil olmaqla 694 mln. manat yönəldilib. Ötən il ərzində yol nəqliyyat infrastrukturnun bərpasına 162,5 mln. manat ayrılıb ki, bunlar 800 km.dək uzunluqda kənd və şəhərdaxili avtomobil yollarının əsaslı təmirinə, müxtəlif rayonlarda körpülərin tikilməsinə yönəldilib.