...

Baş nazir: "Gürcüstan iqtisadiyyatı Azərbaycan sərmayəçiləri üçün açıqdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2007 18:44 (UTC +04:00)
Baş nazir: "Gürcüstan iqtisadiyyatı Azərbaycan sərmayəçiləri üçün açıqdır"

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ "2007-ci ildə ola bilsin ki, Azərbaycan iş adamları bizim üçün ən əsas sərmayə tərəfdaşlarından biri olacaq",-deyə Gürcüstanın baş naziri Zurab Noqaideli Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) təmsilçiləri ilə Gürcüstanda keçirdiyi görüşdə bildirib.

Zurab Noqaideli CİBC-nin Gürcüstanda hərtərəfli dəstəklənəcəyini bildirdi. Bu barədə Tiflisdə Caspian Energy Beynəlxalq Nəşriyyat Evi və CİBC nümayəndə heyətilə görüşdə xəbər verilib.

Nümayəndə heyətinə Caspian Energy BNE-nin prezidenti və baş redaktoru (CİBC- Qrupun birinci vitse prezidenti) Natalya Əliyeva və Caspian Transport Clubunun prezidenti (CİBC- Qrupa daxildir) Əbülfəz Qarayev rəhbərlik edirdi. Görüş zamanı CİBC-nin fəaliyyətinin Gürcüstanda genişlənməsi məsələləri də müzakirə olunub.

Baş nazir ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanın Qara dəniz sahilində neft liman terminalını almasını, hazırda isə həmin limanda fəal iş getdiyini, dəmir yolu və terminal tikildiyini xatırladıb. "Cari ilin yayında dəmiryolu tamamilə hazır olacaq və Azərbaycan neftinin dünya bazarına nəql olunması üçün daha bir magistral olacaq",-deyə Z.Noqaideli vurğulayıb.

Bununla yanaşı terminal yaxınlığında neftemalı zavodunun inşaası da nəzərdə tutulur. "Bu o deməkdir ki, Azərbaycan tək xam nefti çatdırmayacaq həmçinin əlavə qiymət artıraraq öz gəlirini də artıracaq",-deyə Z.Noqaideli əlavə edib.

Baş nazirin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq ARDNŞ birbaşa Gürcüstanın neft məhsulları bazarına daxil olacaq. Bu iş artıq başlanıb. Nazir həmçinin qeyd edib ki, Azərbaycanın Beynəlxalq Bankı artıq əsas lisenziyanı alıb və Gürcüstanın bank bazarına səmərəli daxil olur. "Düşünürəm ki, bu konkret istiqamətlərdən sonra gürcüstan iqtisadiyyatına Azərbaycanın başqa sərmayələri də cəlb olunacaq",-deyən nazir gürcüstan iqtisadiyyatının azərbaycanlı sərmayəçilər üçün tamamilə açıq olduğunu bildirdi.

"Biz, gürcü sərmayəçilərinin Azərbaycan iqtisadiyyatına cəlb olunması məsələsi üzərində işləyirik. Bir çox sərmayəçilər bunda maraqlıdırlar, onlar öz tərəfdaşları ilə işləyirlər və bu proses davam edir. Bu, bank sektorunda olduğu kimi eləcə də emal sənayesində və iqtisadiyyatın başqa sektorlarında da belədir",-deyə hökumət başçısı söyləyib.

Xəbər lenti

Xəbər lenti