...

Azərbaycanda ilk dəfə pul köçürmələri sistemi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 11:02 (UTC +04:00)
Azərbaycanda ilk dəfə pul köçürmələri sistemi yaradılıb

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / "Zamin Bank" səhmdar-kommersiya bankı ilk dəfə olaraq Azərbaycanda beynəlxalq pul köçürmələri sistemi - Caspian Money Transfer hazırlayıb.

Bankın müşahidə şurasının sədri Nadir İsmayılovun verdiyi məlumata görə, müştərilərin belə bir sistemə tələbatını nəzərə alaraq "Zamin Bank"ın bütün filialları və şöbələri 2007-ci il mayın 1-dən pul köçürmələrini günün 24 saatı ərzində həyata keçirməyə başlayıb,

Sözügedən sistemin fərqli cəhətləri ondan ibarətdir ki, Caspian Money Transfer-lə minimal komissiya 1,5-2 faiz təşkil edir və köçürmə 2-3 dəqiqə vaxt aparır. Pul alan tərəf isə komissiyanı ödəmir.

Halbuki Azərbaycan daxilində və xaricində "Kontakt" sistemi ilə dollar, avro və rublla edilən pul köçürmələrindən tutulan komissiya 3 faiz təşkil edir (3-5 dəqiqə). Müvafiq olaraq bu rəqəmlər "Migom" sistemində 2-3 faiz (5-10 dəqiqə), "InterExpress"də -1,5-2,5 faiz (15 dəqiqə) təşkil edir. "Western Union"da isə köçürülən pulun məbləğindən asılı olaraq tariflər 4 faizdən çox olur.

İsmayılovun sözlərinə görə, bu gün Caspian Money Transfer yalnız MDB respublikalarını əhatə edir. Yaxın gələcəkdə isə Baltikyanı ölkələr, yaxın və uzaq xarici dövlətlərin də bu sistemə daxil ediləcəyi gözlənilir. Azərbaycan banklarının Caspian Money Transfer-ə qoşulması isə ölkənin istənilən nöqtəsinə pul göndərməyə imkan verəcək. Onu da əlavə edək ki, bu gün "Zamin Bank"ın dünyanın 45 bankı ilə müxbir əlaqaləri var.

Azərbaycanda pul köçürmələri sisteminin yaradılmasına ehtiyac ölkə xaricində çoxlu sayda həmvətənlərimizin yaşaması ilə bağlıdır. Onlar hər ay Azərbaycana pul köçürmələri edirlər.

Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, ötən il Rusiyadan Azərbaycana $1,07 mlrd., Tacikistana - $1 mlrd., Ukraynaya - $2,4 mlrd., Ermənistana isə $850 mln. dollar pul köçürülüb.

Xəbər lenti

Xəbər lenti