...

Bakıda bütün küçələrin işıq dirəkləri dəyişdirilməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /korr.TrendLife Fərid Sadıxov/ Artıq xeyli vaxtdır ki, Bakı şəhərinin bəzi küçə və meydanlarındakı işıq dirəkləri dəyişdirilir.

İstiqlaliyyət küçəsi və Neftçilər prospekti, Mehdi Hüseyn, Hüsü Hacıyev küçələrində bu iş başa çatdırılıb, hazırda isə Parlament prospektində yeni işıq dirəkləri quraşdırılır. Avropa standartlarına uyğun olan yeni işıq dirəkləri şəhərin estetik görünüşünü gözəlləşdirsə də, hələlik paytaxtın bütün küçələrində belə yenidənqurma işlərinin aparılması nəzərdə tutulmur.

Bakı şəhər Küçələri İşıqlandırma İdarəsindən TrendLife-a bildirilib ki, bütün küçə və meydanların işıq dirəklərinin dəyişdirilməsi olduqca böyük vəsait tələb edir. Əldə etdiymiz məlumata görə, bir yeni işıq dirəyinin alınması və quraşdırılması şəhər təsərrüfatına 3000 ABŞ dollarına başa gəlir. Bakının nəhəng işıqlandırma sisteminə malik olduğunu nəzərə alsaq, onda bahalı işıq dirəklərinə çəkiləcək xərci təsəvvür etmək çətin deyil.

Yeri gəlmişkən, enerjiyə qənaət məqsədilə küçə işıqlarının 70 faizi gecə saat 1.00-da söndürülür. Hazırda səhər saat 6.00-dək işıqlandırılan küçələr 30 faiz təşkil edir ki, bura da Prezident Aparatı və Nazirlər Kabinetinin yerləşdiyi küçələr, İçərişəhər və onun ətrafı, hava limanına qədər olan yol daxildir.

Xəbər lenti

Xəbər lenti