Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin dəstəyi ilə mayın 14-də Bakıda Koreya elektron ticarət məkəzi açılıb.
Açılış mərasimində mərkəzin direktoru Tofiq Babayevin bildirdiyinə görə, mərkəzin elektron veb-saytında Koreya müəssisələri haqqında informasiya yerləşdiriləcək, həmçinin elektron formada bütün maraq doğuran suallara cavab almaq mümkün olacaq.
İkinci mərhələdə virtual sərginin tətbiqi nəzərdə tutulur. Bu da Bakıda sərgilər təşkil olunmadan Koreya müəssisələrinin məhsullarının nümayiş etdirilməsinə imkan verəcək. Bununla yanaşı,J elektron ticarət mərkəzi sistemi vasitəsilə telekonfransın keçirilməsi gözlənilir.
Mərkəz aprelin 24-də Seulda keçirilən biznes-forumda Koreyanın Sənaye Korporasiyası və Bakı Biznes-Mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.
AZPROMO-nun investisiyaların təşviqi üzrə direktoru Anar Quliyevin fikrinə görə, bu cür mərkəzin yaradılması Azərbaycan-Koreya münasibətlərinin inkişafına şərait yaradır. Belə ki, mərkəz vasitəsilə həmçinin virtual danışıqlar da aparmaq mümkün olacaq. Əsas məqsəd Koreya müəssisələrinin Azərbaycana irəliləməsinə şərait yaratmaqdır.