...

Parlamentin komissiya sədri: "Turizmə investisiya yatırmaq istəyən iş adamlarına güzəştlər edilməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 16:09 (UTC +04:00)
Parlamentin komissiya sədri: "Turizmə investisiya yatırmaq istəyən iş adamlarına güzəştlər edilməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Kurortlar və sanatoriyalar haqqında" qanunun qəbul olunması Azərbaycanda turizmin inkişaf etdirilməsiniə müsbət təsir göstərəcək. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komissiya "Kurortlar və sanatoriyalar haqqında" qanun hazırlayır.

"Azərbaycan turizmi inkişaf etdirməklə dünyaya daha yaxşı çıxa bilər. Ona görə də kurort və sanatoriyalarla bağlı qanun hazırlayırıq", -deyə Rəcəbli əlavə edib.

Hazırda turizmlə üç strukturun - Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyasının məşğul olduğunu deyən komissiya sədri bildirib ki, bu məsələdə onların münasibətlərinin tənzimlənməsi, yerlərdə icra strukturları ilə əməkdaşlıq, təbii ehtiyatlardan istifadə qaydaları və s. məsələləri hazırladığımız qanun özündə əks etdirəcək: "Bu gün ölkə vətəndaşları istirahət üçün başqa ölkələrə gedir. Əgər xaricdəki kimi burda da istirahət üçün komfort şərait yaradılsa, vətəndaşlarımız Azərbaycanda istədiyi kimi istirahət edə bilər. Hazırda müəyyən qədər belə turizm obyektləri yaradılıb. Ancaq bu, yetərli sayıla bilməz".

Komissiya sədri Azərbaycanın istirahət zonası olan Nabranda qiymətlərin Antalyadakı qiymətlərdən yüksək olmasından narazıdır.

Onun fikrincə, belə uyğunsuzluğu aradan qaldırmaq lazımdır: "Bu gün Qəbələdə, Lənkəranda və digər bölgələrdə turizmin inkişafı üçün tədbirlər görülür. Turizm prioritet sahə olduğu üçün buraya investisiya yatırmaq istəyən iş adamlarına güzəştlər edilməlidir".

Xəbər lenti

Xəbər lenti