...

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti saxta sement satışı faktını aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakı şəhərində və Abşeronda yerləşən pərakəndə sement satışı məntəqələrində monitorinqlər keçirib.

Monitorinqin məqsədi bazarın saxta və keyfiyyətsiz mallardan qorunması və yol verilə bilən digər qanun pozuntularının qarşısını almaqdır.

Monitorinqlər zamanı sementin saxtalaşdırılması, onun qanunsuz qablaşdırılması faktları müəyyən olunub. Problem müşayiətedici sənədləri olmadan qanunsuz sement satışından da yan keçməyib.

7 ticarət obyektindən üst-üstə 500 kisə "Garadagh", "Spesial" və "Optimal" əmtəə nişanları ilə markalanmış saxta və 480 kisə müşayiətedici sənədləri olmayan sement aşkar edilərək saxlamaya götürülüb.

Müəyyən edilib ki, bəzi tikinti şirkətləri inşaat işlərində istifadə etmək məqsədilə "Qaradağ Sement" ASC-dən müqavilə əsasında aldıqları sementi təyinatı üzrə deyil, satış üçün inşaat materialları bazarına yönəldirlər. Bir sıra yerli istehsalçılar sement kisələrinin üzərində "Garadagh", "Eurosement", "Portland" və "Volskiy" adları yazaraq, bazarda tanınmış əmtəə nişanlarından qeyri-qanuni istifadə edirlər. Həmin məhsulların çəkisi yoxlanılarkən, hər bir kisədə istehlakçının təxminən 5-7 kq aldadıldığı da müəyyən olunub.

İstehlak Bazarına Nəzarət üzrə Dövlər Xidməti "Qaradağ Sement" ASC-nin istehsal etdiyi sementi satan rəsmi diler şəbəkəsində 26 satış məntəqəsində aparılmış monitorinq zamanı ciddi qanun pozuntuları aşkarlanmayıb.

Nazirlik qanun pozucularının məsuliyyətə cəlb olunması üçün bu cür monitorinqləri davam etdirəcək. Eyni zamanda İİN alıcıları diqqətli olmağa çağırır.

Xəbər lenti

Xəbər lenti