...

"Doing Business" hesabatının müəllifləri Azərbaycanın reytinqinin yaxşılaşdırılması üçün yardım etməyə hazır olduqlarını bildiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İqtisadi İnkişaf Nazirliyi "Doing Business" hesabatının hazırlanmasında iştirak edən Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) komandası ilə məsləhətləşmələri davam etdirir. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, iyunun 4-də Nazirlikdə Dünya Bankının Azərbaycan üzrə meneceri G.Jedrejczak, "Doing Business" hesabatının müəllifləri S.Dyankov və S.Bagautdinova ilə görüş keçirilib.

Görüşdə hesabatda Azərbaycanın reytinqinin yaxşılaşdırılması məqsədilə ölkədə biznes mühitinin inkişafı məsələləri müzakirə edilib.

İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, hesabatında ölkəmizin daha ön sıralarda yer ala bilməsi üçün nəzərdə tutulan iqtisadi islahatların böyük hissəsinin artıq həyata keçirildiyini bildirib. Sahibkarlığın inkişafı məqsədilə "bir pəncərə" sisteminin yaradılması bu sahədə xüsusi əhəmiyyət kəsb edir.

Dyankov Azərbaycanın reytinqinin artması məqsədilə hər cür dəstək göstəriləcəyini bildirib. O, Azərbaycanda korporativ idarəetmənin gücləndirilməsinin vacibliyini qeyd edərək, daha çox xarici investisiyaların cəlb edilməsi üçün bu sahədə qabaqcıl təcrübənin tətbiq edilməsinin əhəmiyyətli olacağını vurğulayıb.

Babayev nazirliyin yüksək səviyyəli nümayəndələrinin artıq korporativ idarəetmənin tətbiq olunduğu Gürcüstanda layihə ilə yaxından tanış olduqlarını qeyd edərək, Azərbaycanda da bir sıra tədbirlərin həyata keçirildiyini, korporativ idarəetmənin gələcək illərdə dövlət və özəl sektorlarda daha çox tətbiq olunacağını bildirib.

2006-cı ildə DB və BMK tərəfindən elan olunmuş ölkədə biznes üçün münbit şəraitin yaradılması ilə bağlı hesabatda Azərbaycan 100-cü yeri tutub. 2007-ci ildə isə Azərbaycan 99-cu yeri tutub. "Doing Business"-2007 hesabatında biznes üçün şərtlərin sadəliyi səviyyəsi üzrə 175 ölkənin (ötən ilə nisbətən 20 ölkə çox) reytinqi göstərilib.

Xəbər lenti

Xəbər lenti