...

Gürcüstan Milli Bankının rəhbəri: Perspektivdə Azərbaycan və Gürcüstan maliyyə bazarlarının inteqrasiyası mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 16:20 (UTC +04:00)
Gürcüstan Milli Bankının rəhbəri: Perspektivdə Azərbaycan və Gürcüstan maliyyə bazarlarının inteqrasiyası mümkündür

Azərbaycan, Bakı / Trend / Gürcüstan Milli Bankının prezidenti Roman Qosiridzenin Trend a müsahibəsi.

- Sizcə, Azərbaycan və Gürcüstan maliyyə bazarlarının inteqrasiya imkanları nə dərəcədə perspektivlidir? Bu cür inteqrasiya, məsələn qiymətli kağızların likvidliyini, xeyli artıra bilərmi?

- Şübhəsiz ki, perspektivdə Azərbaycan və Gürcüstan maliyyə bazarlarının inteqrasiyası mümkündür. Üstəlik, bu məqsədəuyğundur. Gürcüstanda azərbaycan "Qafqaz inkişaf bankı"nın filialı fəaliyyət göstərir və "Azərbaycan Beynəlxalq Bank-Gürcüstan" törəmə şirkəti işləməyə başlayır. Bu cür inteqrasiya bu ölkələrin qiymətli kağızlarının likvidliyini müəyyən mənada artıra bilər. Lakin likvidliyin xeyli artması bir sıra subyektiv və obyektiv amillərdən asılı olacaq.

- Siz Gürcüstanın maliyyə iqlimini necə dəyərləndirirsiz? Ölkənizin maliyyə iqliminin cəlbediciliyinin artırılması üçün hansı addımlar atılmalıdır?

- Gürcüstan dünyada ən yaxşı islahatçı-ölkə kimi tanınıb. Son illərdə ölkə xarici investorlar üçün xeyli cəlbedici olub və onların marağı artır. Bu baxımdan bank sisteminin rolu olduqca önəmlidir. Müvafiq olaraq bank sahəsi maliyyə sisteminin inkişafında xüsusi rol oynayır. Son iki ildə Gürcüstanın bank qanunvericiliyində liberal dəyişikliklər edildi və onların hesabına görə yerli maliyyə bazarı xarici kapital üçün cəlbedici oldu. Məsələn bank səhmdarları üçün 25 faizlik pay iştirakı məhdudiyyəti aradan götürüldü və nəticədə indi istənilən səhmdar qeyri-məhdud həcmdə bank səhmlərinə malik ola bilər (o cümlədən 100 faizə). Həmçinin yüksək reytinqli xarici banklar üçün filialların açılması qaydaları sadələşdirilib.

Hər şey edilir ki, Gürcüstanın maliyyə sisteminin şəffaflığı xarici investorlar üçün maksimum təmin olunsun. Qısa müddətdə bank və sığorta şirkətlərinin filiallarının qeydiyyatı aparılır. Hazırda Qiymətli Kağızlar üzrə Komissiyanın, Sığorta və Maliyyə monitorinqə nəzarət üzrə xidmətlərin Milli Bank yanında vahid müstəqil struktura birləşdirilməsi prosesi gedir. Gürcüstanda praktiki olaraq kapitalın hərəkəti yaxud da valyuta əməliyyatlarına məhdudiyyətlər yoxdur.

Bu gün qeyri-rezidentlər tərəfindən 10 kommersiya bankında edilən investisiyalar nəticəsində 1 mlrd. lari dəyərində olan səhmdar kapitalının 66 faizi sistemin 67 faiz aktivlərinə nəzarət edən qeyri-rezidentlərin payına düşür. Öhdəliklərə gəldikdə isə qeyri-rezidentlərdən götürülən vəsaitlərin həcmi 1 mlrd. larini ötüb, qeyri-rezidentlərin birgə öhdəliklərdəki payı 1/3 olub.

Son iki il ərzində Gürcüstan bank sisteminin regionlardakı sürətli inkişafı prosesi gedib və bu tendensiya davam edir. 2005-2006-cı illərdə Gürcüstanın kommersiya banklarının ümumi aktivləri 2004-ci ilin 31 dekabrındakı göstəricilərlə müqayisədə 148,5 faiz, səhmdar kapitalı 141,2 faiz, bank sisteminin xalis gəliri isə 238,4 faiz artıb.

İqtisadiyyat üçün ayrılan istiqrazlar 185,4 faiz (o cümlədən milli valyuta ilə verilən istiqrazlar - 422,4 faiz; xarici valyuta ilə ayrılan istiqrazlar - 161,9 faiz) artıb. Eyni zamanda depozitlərin həcmi 104,7 faiz (o cümlədən milli valyutadakı depozitlər - 144,2 faiz, xarici valyutadakı depozitlər - 103,6 faiz) artıb.

Son üç ildə Gürcüstan Milli Bankının xarici valyuta ehtiyatları 7 dəfə artıb. Bu gün onların həcmi 1 miyard 340 milyon dollardan çoxdur.

Bunun fonunda, maliyyə sektorunun sürətli templərlə artımı şəraitində bank sektorunun sürətli artımı ilə bağlı risqlərə daha çox diqqət ayırmaq lazımdır. Bu nöqteyi-nəzərdən kredit portfelinin keyfiyyəti, kapitallaşmanın səviyyəsi və digər parametrlərin bank sisteminin davamlılığına və risklərə müqavimətin kifayət qədər yüksək olmasına işarə etməsinə rəğmən, yaxın gələcəkdə nəzarət normativ bazasının sərtləşdiriləcəyini istisna etmirəm.

Gürcüstanın maliyyə sistemi adəti üzrə bank sahəsinə (bank based) əsaslanır və düşünürəm ki, yaxın illərdə bu, dəyişməz olaraq qalacaq. Müvafiq olaraq bank sahəsinə maliyyə sisteminin inkişafı işində xüsusi rol ayrılır.

- Azərbaycanın sığorta şirkətlərinin Gürcüstan bazarına daxil olması perspektivini necə dəyərləndirirsiz? Ölkənizin sığorta bazarı bu gün rəqabətin və yeni sığorta məhsullarının təqdim edilməsi yolu ilə fəallaşmağa hazırdırmı?

- Bu gün Gürcüstanın maliyyə sektoru praktiki olaraq tamamilə kommersiya bankları ilə təmsil olunub. Qeyd etdiyim kimi ölkəmizdə artıq "Qafqaz inkişaf bankı" filialı və "Azərbaycan Beynəlxalq Bank - Gürcüstan" fəaliyyət göstərir. Digər maliyyə seqmentlərinin artımını, xüsusən də sığorta sahəsinin rolunu qeyd etmək lazımdır. Biz bank sektorunda olduğu kimi bu sahəyə də xarici investisiyaların gəlişini alqışlayırıq.

Xəbər lenti

Xəbər lenti