Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İyunun 26-dan etibarən istilərlə əlaqədar 27 paytaxt sakininin tibbi yardıma ehtiyacı olub. Çərşənbə günü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbəri Rauf Nağıyevin verdiyi məlumata görə, 9 nəfər xəstəxanaya yerləşdirilib.
Ölkə ərazisində son günlər müşahidə olunan yüksək hava temperaturu ilə əlaqədar olaraq Azərbaycanın Səhiyyə Nazirliyi əhalini diqqətli olmağa çağırır və tövsiyə edir:
- Saat 12:00-dan 18:00-dək günəş altında az qalmaq,
- Orqanizmdə su və duzun həcmini balanslaşdırmaq üçün su qəbulunu çoxaltmaq,
- Səhər 11:00-dan axşam 19:00-dək çimərlikdə olmamağı.
Səhiyyə Nazirliyi qeyd edir ki, bu tövsiyələrə ürək-damar, endokrin və əsəb sistemi pozğunluğu xəstəlikləri olan şəxslər, həmçinin hamilə qadınlar, uşaqlar və yaşlı insanlar mütləq əməl etməlidirlər.