...

Azərbaycanın yeni neft-kimya kompleksi layihəsi üzrə işlər uğurla davam etdirilir

Energetika Materials 28 Dekabr 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Prezident İlham Əliyevin ölkədə neft-kimya və kimya sənayesinin perspektiv inkişafı ilə əlaqədar "Azərikimya" Dövlət Şirkətinin qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq, yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya kompleksinin yaradılması üzrə işlər Azərbaycanın elmi-texniki potensialının və istehsalatın yüksək səviyyəli mütəxəssislərinin cəlb olunması ilə davam etdirilir.Texniki İqtisadi Əsaslandırma sənədləri əsasında maliyyə, marketinq və investisiya göstəricilərinin təhlili, onların beynəlxalq maliyyə institutlarının tələblərinə uyğunluğunun qiymətləndirilməsi, layihənin özü-özünü ödəməsi, Azərbaycan qanunlarına uyğun maliyyə və sərmayə modelinin və mümkün maliyyələşmə strategiyasının hazırlanması, maliyyə aspektlərinin təhlil edilərək təkliflərin hazırlanması məqsədilə beynəlxalq məsləhətçi maliyyə qurumunun seçilməsi üçün "Azərikimya" Dövlət Şirkəti tərəfindən elan olunmuş beynəlxalq tenderə yekun vurulmuşdur.

Fransanın "SOCIETE GENERALE" bankı keçirilmiş tenderdə qalib elan edilib.

Eyni zamanda,Azərbaycanın yeni neft-kimya kompleksinin optimal variantının seçilməsi, layihənin texniki-iqtisadi göstəricilərinin müəyyən edilməsi, xammal və enerjidaşıyıcılardan səmərəli istifadə, məhsul çeşidinin genişləndirilməsi, məhsulların istehlak xassələrinin və istehsalatın ekoloji göstəricilərinin yaxşılaşdırılması, satış həcminin artırılması imkanlarını özündə əks etdirəcək Texniki İqtisadi Əsaslandırma (TİƏ) sənədlərinin hazırlanması üzrə aparılan texniki işlər isə,İngiltərənin "Nexant" Şirkəti tərəfindən yekunlaşmaq üzrədir.

Fransanın "SOCIETE GENERALE" bankı bütün dünyada tanınmış maliyyə institutu olmaqla, ölkəmizin bir çox böyük regional neft, qaz, energetika və infrastruktur layihələrində də müvəffəqiyyətlə iştirak edir.

Dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq bu yeni neft-kimya kompleksi Azərbaycan Respublikasını regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirəcəkdir. Bu isə, öz növbəsində, tikinti, səhiyyə, cihazqayırma, kənd təsərrüfatı, maşınqayırma, avtomatika və məişət avadanlıqlarının istehsalı üçün ölkəmizdə ən müasir, dünya standartlarına cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılmasına, çoxprofilli iş yerlərinin açılmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir.

"Azərikimya" Dövlət Şirkətinin prezidenti Məcid Kərimov qeyd edib ki, bu layihənin reallaşdırılması Xəzər və Aralıq dənizləri ilə əhatə olunan böyük bir regionda Azərbaycanın kimya və neft-kimya sənayesindəki liderliyini uzun illər təmin edəcəkdir.

Xəbər lenti

Xəbər lenti