...

Yanvarda Azərbaycan təxminən 3 mln. ton neft ixrac edib

Energetika Materials 23 Fevral 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend / Yanvarda Azərbaycandan boru kəməri nəqliyyatı və dəmir yolu ilə təxminən üç mln. ton neft ixrac edilib - Dövlət Gömrük Komitəsi bildirir.

Yanvarda Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə 2,7 mln. ton neft ixrac olunub. BTC vasitəsilə "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən yüngül neft nəql olunur. Boru kəmərinin operatoru BP şirkətidir. "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə layihənin yalnız iki iştirakçısı - Amerikanın "ExxonMobil" və "Devon" şirkətləri öz neft paylarını BTC ilə nəql etmirlər. Bu şirkətlər BTC boru kəmərinin investoru qismində çıxış etməyiblər. Onlar nefti dəmir yolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırır və oradan satırlar.

Komitənin məlumatlarına görə, yanvarda Bakı- Novorossiysk boru kəməri vasitəsilə 83 min ton neft ixrac olunub. Bu boru kəməri üzrə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) öz vəsaiti hesabına yataqlardan hasil etdiyi neft, həmçinin birgə müəssisə və xarici iştirak payı olan əməliyyat şirkətlərinin quru yataqlardan hasil etdikləri xammal nəql olunur.

Komitə qeyd edir ki, Bakı-Supsa boru kəməri ilə yanvarda təmir işləri səbəbindən neft daşınmayıb. Bu marşrut üzrə neft ixracı 2006-cı ilin sonunda dayandırılıb. Boru kəmərində texniki problemlər aşkarlanıb. Bu problemlərin həlli ilə boru kəmərinin operatoru - BP məşğul olur. Daşınma dayandırılana qədər bu kəmər vasitəsilə "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən yüngül neft nəql olunurdu.

Komitənin məlumatında bildirilir ki, yanvarda dəmir yolu vasitəsilə 234 min ton neft ixrac olunub.

Gürcüstanın Qara dəniz limanına dəmir yolu vasitəsilə Amerikanın "ExxonMobil" və "Devon" şirkətlərinin "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi yüngül neftlə yanaşı, Azərbaycandan keçməklə Qazaxıstan və Türkmənistandan nəql olunan tranzit xammal da daşınır.

Xəbər lenti

Xəbər lenti