Gürcüstan, Tbilisi, 16 may/ Trend , müxbir N.Kirtsxaliya/ Kulevidə neft terminalının açılması Azərbaycan və Gürcüstanın inkişafına səbəb olacaq, xalqlar arasındakı dostluğu daha da möhkəmləndirəcək və hər iki ölkənin rifahı naminə həyata keçirilən yeni layihələrin müjdəçisi olacaq. Bu barədə cümə günü terminalın açılışında Azərbaycanın Baş naziri Artur Rasizadə bildirib.
ARDNŞ-ə məxsus terminalın aşırma gücü ildə 2 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla, ümumilikdə 10 mln. ton təşkil edəcək. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Layihə üzrə terminalın aşırma gücünün ildə 15-20 mln. tonadək artırılması nəzərdə tutulub. Çən parkını 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin jurnalistlərə bildirdiyinə görə, bu, Cənubi Qafqaz regionunda ən böyük neft terminalı olacaq və ən müasir idarəetmə sistemləri ilə təchiz ediləcək.
Terminalın açılışında iştirak edən Gürcüstan prezidenti Mixal Saakaşvili bu hadisəni Gürcüstan-Azərbaycan münasibətlərində "əhəmiyyətli gün" adlandırıb. "Bizim Azərbaycan prezidenti İlham Əliyevlə nəzərdə tutduğumuz bütün planlar uğurla həyata keçirilir və Kulevi buna daha bir nümunədir", - o vurğulayıb.
Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstan Azərbaycanın enerji daşıyıcılarının Avropaya nəqli üçün artıq dəhliz olub. "Kulevi, Batumi və Potidən sonra, Gürcüstanın üçüncü dəniz qapısı olacaq və yaxın gələcəkdə Oçamire və Suxumi də bu sıraya qoşulacaq. Belə ki, biz ,burada yaşayan bütün xalqların rifahı naminə, Abxaziyanın iqtisadi inkişafını təklif edirik", - Gürcüstanın dövlət başçısı bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]