Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir Ü.İsmayılova/ Bu gün Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Koreyanın STX şirkəti Azərbaycanda gəmiqayırma zavodunun tikintisi haqqında memorandum imzalayıblar. Bu barədə bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. "Zavod Azərbaycanın Qaradağ rayonunda tikiləcək", - ARDNŞ prezidenti bildirib.
ARDNŞ-nin layihədə iştirak payı 65 faiz, AİŞ - 10 faiz, STX isə 25 faiz təşkil edəcək.
Abdullayevin sözlərinə görə, zavodda Xəzərdə istifadə edilən bütün növ gəmilər tikiləcək.
Mövcud TİƏ variantına görə, zavodun tikintisi $400 mln.-a başa gələcək (limanın tikintisinə çəkiləcək xərclər nəzərə alınmadan). Obyekti 2011-ci ildə istismara vermək nəzərdə tutulub.
Gəmiqayırma zavodu Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalı və limanın tikintisi layihəsinə, bir növ, əlavə olacaq. Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhanla Avropaya tranzit üçün bu terminal vasitəsilə nəql ediləcək. Qazaxıstan tankerləri, Xəzər regionunun digər gəmiləri kimi, Azərbaycanın gəmiqayırma zavodunda təmir oluna bilərlər. Regionda analoji layihənin olmayacağı, həm ölkə daxili, həm də ölkə xaricindən gəmilərin tikintisinə sifarişlərin gələcəyi güman edilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]