Azərbaycan, Bakı, 07 iyun/ Trend , müxbir E.İsmayılov/ ABŞ-ın ticarət naziri Karlos Qutiyerres kənd təsərrüfatı məhsullarının qiymətlərinin azaldılması üçün bioyanacaq istehsalına subsidiyaların ayrılmasının dayandırılmasının zəruri olduğunu hesab edir. "Ərzaq məhsullarının qiymətinin artması problemdir", - Qutiyerres şənbə günü XII Peterburq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
BMT-nin Baş katibi Pan Gi Mun əvvəllər bəyan etmişdi ki, ərzaq məhsullarının qiymət artımı dünyada iqtisadi artıma və təhlükəsizliyə ciddi xələl gətirə bilər. Onun sözlərinə görə, dünya ictimaiyyətinin yoxsulluqla mübarizəsinin nəticələri təhlükə altındadır.
Qutiyerres öz çıxışında həmçinin dünya bazarlarında inhisarla bağlı problemi qeyd edib. "İnhisarçılığa cavab antiinhisarçılıq siyasəti olmalıdır", - ABŞ-ın ticarət naziri bildirib.
Amerikanın Brookings İnstitutunun dünya iqtisadiyyatı üzrə baş eksperti Homi Haras (Homi Kharas) Trend -a bildirib ki, dünya ərzaq və enerji bazarları arasındakı müşahidə olunan böyük əlaqə zəiflədilməlidir. Bazarların əlaqəsi həm təklif (enerjitutumlu nəqliyyatın, paylaşdırmanın və gübrələrdən istifadənin vacibliyinə görə), həm istehlak tərəfdən (ərzaq bitkilərinin hazırki şəraitdə daha çox sərfəli olmuş bioyanacaq qismində istifadəsi) müşahidə olunur.