...

Azərbaycanın tranzit imkanları açıqdır – Baş nazir

Energetika Materials 7 İyul 2008 18:41 (UTC +04:00)
Azərbaycanın tranzit imkanları açıqdır – Baş nazir

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın tranzit imkanları açıqdır, respublika razılaşma əsasında digər ölkə və regionlardan dünya bazarlarına karbohidrogen ixrac etməyə hazırdır. Bu barədə bazar ertəsi Azərbaycanın Baş naziri Artur Rasizadə Bakıda Macarıstanın Baş naziri Ferents Dyurçan ilə (Ferenc Gyurcsany) görüş zamanı bildirib.

"Bizim tranzit əməliyyatlar üçün güclü infrastrukturumuz var", - deyə Rasizadə bildirib.

Macarıstanın "MOL Natural Gas Transmission Company Ltd." şirkəti "Nabucco Gas Pipeline" boru kəməri şirkətinin səhmdarları tərkibində iştirak edir. Azərbaycan bir neçə ildən sonra "Nabukko" boru kəməri ilə şəxsi qazını ixrac etməyi, həmçinin, qazın Mərkəzi Asiyadan bu marşrut üzrə nəqli üçün tranzit ölkə qismində çıxış etməyi nəzərdə tutur.

Qaz ixracının "Nabukko" boru kəmərinin nəql imkanlarının zirvə gücünə çatdırılması bir neçə mərhələdə həyata keçiriləcək. "Bu dövr ərzində Azərbaycan qaz ixracı həcmini artırmağa hazırlaşır", -deyə Baş nazir bildirib.

Macarıstanın hökumət başçısı bildirib ki, "Nabukko" layihəsinin reallaşdırılması Azərbaycan olmadan mümkün deyil.

"Biz əminik ki, Azərbaycan nəzərdə tutulan 30 mlrd. kubmetr qazın böyük hissəsini "Nabukko" boru kəmərinə vurmağı bacaracaq", - deyə Dyurçan bildirib.

3,3 min km uzunluğunda olan "Nabukko" qaz kəməri layihəsi çərçivəsində qazın Mərkəzi Asiyadan, Rusiyadan yan keçməklə, Aİ ölkələrinə, ilk növbədə, Avstriya və Almaniyaya tədarükü nəzərdə tutulur. Layihə gücü ildə 26-32 mlrd. kubmetr qaz təşkil edir. Tikintinin 2013-cü ilədək başa çatdırılması planlaşdırılır.

Qaz kəməri layihəsinin tikintisi üzrə Konsorsiumda iştirak edən şirkətlər: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti