Azərbaycan, Bakı, 21 oktyabr/ Trend /
Vaqif Şərifov, Trend agentliyinin direktoru
Rusiya bu həftə Ermənistanda neft emalı zavodunun (NEZ) tikintisi üzrə layihənin cəlbedici olmadığını rəsmi olaraq etiraf edib. NEZ Ermənistanı neft məhsulları ilə təmin etməli və ixrac üçün işləməli idi. Rusiyanın nəqliyyat naziri İqor Levitin Yerevanda olarkən bildirib ki, sərmayədarlar üçün illik gücü beş mln. ton olan NEZ -in tikintisi layihəsi maraqlı deyil.
Layihə əvvəlcədən müvəffəqiyyətsizliyə uğrayıb. Hər bir sərmayədar üçün məsələnin qiyməti maraqlıdır - layihənin dəyəri nə qədərdir və hansı müddətə ödənəcək? Ermənistandakı NEZ - ə gəldikdə isə bu, potensial sərmayədarlar üçün çətin həll edilə bilən məsələdir. Çünki Ermənistandakı yanacaqdoldurma məntəqəsində bu tip avtomobil benzininin qiyməti hətta idxal yanacağından yüksək olacaq. Məslə neft emalının maya dəyərindədir. Ermənistanda şəxsi neft hasilatı yoxdur, bu ölkənin Azərbaycanın tərkibinə daxil olan Dağlıq Qarabağ ilə bağlı işğalçı siyasəti isə, Yerevan iqtisadiyyatını ümumi təcridə gətirib çıxarıb. NEZ -in neft ilə təmin edilməsi üçün, Ermənistan İran ərazisi üzrə tranzit ilə Qazaxıstandan xammal almalıdır. Ermənistan İran neftini ala bilməz, çünki Tehran ölkənin şimalında yerləşən NEZ -ləri təmin etmək üçün, özü Rusiya və Qazaxıstandan xammal idxal edir. Ermənistan üçün Rusiyadan da neft almaq çətin olacaq. Bu, Gürcüstan ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin dayandırılması ilə bağlıdır.
Belə ki, Ermənistan bir ton Qazaxıstan neftini alıb, onun Qazaxıstanın Aktau limanında tankerlərə doldurulması, Xəzərlə daşınması, İranın Neka limanında boşaldılması, İran ərazisi ilə dəmir yolu vasitəsilə Ermənistan sərhədinə çatdırıması və NEZ - də emalı üçün pul ödəməli olacaq. Bundan əlavə, neft məhsullarının Ermənistanın daxili bazarında paylanması magistral neft məhsulları kəmərlərinin olmaması və bunun nəticəsi olaraq, nəqliyyat xərclərinin yüksək olması baxımından mürəkkəbdir. Bu qiymətə benzini heç kim almayacaq,
ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, 2003 - cü ildən Ermənistanda yanacağa tələbat sutkada 40 min bareldən düşmür və bütün bu həcm idxalın payındadır.
Ermənistanın yanacaq idxalından tam asılı olduğunu əyani surətdə aşağıdakı cədvəldə görmək olar: (EIA - nın məlumatları) (sutkada min barel)
İl | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 |
Tələbat | 31 | 32 | 33 | 35 | 37 | 39 | 40 | 41 | 40 | 41 | 41 |
İdxal | 31 | 32 | 33 | 35 | 37 | 39 | 40 | 41 | 40 | 41 | 41 |
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]