...

Ukrayna və Rusiyanın qaz qarşıdurması Avropanı yeni tərəfdaşlara yaxınlaşdırır

Energetika Materials 24 Noyabr 2008 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir S.Əliyev/ Ukrayna - Rusiya qaz qarşıdurması yeni fazaya daxil olur. Kiyevə tədarük edilmiş qaza görə yaranmış borc məsələsi 2009 - cu il yanvarın 1-dək nizamlanmasa, bu, Ukraynaya qaz verilməşinin kəsilməsinə gətirə bilər, - "Qazprom"un nümayəndələri bəyan edirlər.

Rusiya şirkətinin rəsmi nümayəndələrinin sözlərinə görə, yeni müqavilə bağlanılmadan, Ukraynaya qaz ixrac edilməyəcək.

"Qazprom" borcun məbləğini 2,4 mlrd. dollar qiymətləndirir. "Naftoqaz Ukrayna" isə, bu məbləğin 1,3 mlrd. dollar olduğunu göstərir. Yeni müqavilənin imzalanması yalnız borcun qaytarılması şərtilə məhdudlaşmır. "Qazprom" yeni ildən Ukrayna üçün qazın qiymətini 400 dollaradək artırmaq niyyətindədir. Bu gün Moskva Orta Asiya qazını Kiyevə 1 min kubmetri 179,5 dollara satır. Bununla yanaşı, Avropa üçün xammalın dəyəri təxminən 1 min kubmetrə görə 500 dollar təşkil edir.

Bu gün Ukrayna qazı RosUkrEnergo birgə müəssisə vasitəsilə alır. 2007- ci ildə BM Ukraynaya 38 mlrd. kubmetr türkmən, 9 mlrd. kubmetr özbək və 8 mlrd. kubmetr qazax qazı tədarük edib və təxminən 10 mlrd. kubmetr Orta Asiya qazını təkrar ixrac edib. Ötən ilin sonunda imzalanmış müqaviləyə əsasən, 2008-ci ildə RosUkrEnergo Ukraynaya 55 mlrd. Orta Asiya mənşəli qaz tədarük edəcək.

Rusiya tərəfdən Ukraynaya qaz verilməşinin kəsilməsinin artıq kədərli presedentləri var. Əvvəllər bu ona gətirib ki, Ukrayna qazı Avropaya gedən qaz kəmərlərindən almağa başlayıb və bu da alıcıların yanacağı tam almamaları ilə nəticələnib. Bu gün Rusiyanın Avropaya qaz tədarükünün təxminən 80 faizi Ukrayna vasitəsilə həyata keçirilir ki, bu da danışıqların gedişində ciddi arqumentdir.

Rusiya qazının Avropaya tədarükündə mümkün problemlər digər mənbələrdən qaz tədarüklərinin diversifikasiyası məsələlərini daha aktual edir. Son vaxtlar "Nabukko" qaz kəmərinin çəkilməsi layihəsi üzrə proseslər canlanıb. Ukrayna, Gürcüstan, Türkiyə, Baltikyanı, Şərqi Avropa ölkələri, Avropa İttifaqı və ABŞ-ın nümayəndələrinin iştirakı ilə keçirilmiş Bakı Enerji Sammiti buna sübut olub. Bu görüş zamanı enerji daşıyıcılarının Xəzər regionundan Avropaya tədarükü üçün enerji dəhlizinin  yaradılması məsələsi nəzərdən keçirilib.

Türkmənistanın yataqlarında xeyli qaz ehtiyatının olması barədə bəyanat da danışıqlar prosesinin fəallaşmasına gətirib. Avropanın qiymətləndirmələrinə görə, bu ölkə qaz tədarüklərinin diversifikasiyasında əhəmiyyətli rol oynamalıdır. Britaniyanın Gaffney, Cline & Associates şirkətinin hesablamalarına əsasən, Cənub Eloten-Osman yatağının ehtiyatları 4 trln. kubmetr (aşağı qiymətləndirmə), 6 trln. kubmetr (optimal qiymətləndirmə) və 14 trln. kubmetr qaz (yüksək qiymətləndirmə) təşkil edə bilər.

Son vaxtlar enerji əməkdaşlığı üzrə danışıqlar prosesi canlanıb. Son aylarda "Nabukko"- da iştirak edən ölkələrin şirkətlərinin nümayəndələri, Avropa İttifaqının rəsmi şəxsləri, ABŞ - ın enerji nümayəndələri Türkmənistana səfər ediblər. Yaxın günlərdə Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü gözlənilir. Görüşdə enerji məsələləri üzrə danışıqlar aparılacaq. İstisna edilmir ki, əsas mövzu türkmən qazının bu ölkələr vasitəsilə Avropaya çatıdırılması imkanları olacaq.

Xəbər lenti

Xəbər lenti