...

SOCAR dənizdə yeni qaz quyusunun qazılmasına hazırlaşır

Energetika Materials 12 Yanvar 2009 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir E.İsmayılov/ SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) "Bayıl limanı" Dəniz Qazma İşləri İdarəsi yanvarın sonunadək "Günəşli-19" platformasında qaz - kondensat quyusunun qazılmasına başlamağı planlaşdırır, - SOCAR - da işlərə yaxın mənbə bazar ertəsi bildirib.

"Platformanın genişləndirilməsi işləri başa çatdırılıb və 10 - 15 gün ərzində qazmaya başlamaq planlaşdırılır", - mənbə deyib.

Onun sözlərinə görə, platforma çox perspektivlidir, "bu platformada istifadəyə verilmiş sonuncu quyudan sutkalıq hasilat 500 min kubmetr qaz təşkil edir".

Bundan başqa, platformadan layihə dərinliyi 2800 metr olan daha bir quyunun qazılması planlaşdırılır.

"Günəşli -19" platformasında layihə dərinliyi 2800 metr olan neft quyusu qazmaq planlaşdırılır, - SOCAR - dakı başqa mənbə əvvəllər bildirib.

Hər iki quyu 28 May adına Neft - Qaz Çıxarma Idarəsinin (NQÇİ) balansına verilib.

"Bayıl limanı" Dəniz Qazma İşləri İdarəsi 2009 - cu ildə ümumilikdə 36,4 min  metr həcmində qazma işləri aparmağı planlaşdırır. Ötən il idarə 34,5 min kubmetr qazıb, - mənbə deyib.

"Günəşli" SOCAR - ın müstəqil işlədiyi ən böyük neft - qaz yatağıdır. SOCAR - ın hasil etdiyi bütün neft və qaz həcminin, müvafiq olaraq, 60 və 70 faizi bu yatağın payına düşür.

Yeni quyuların qazılması SOCAR - ın təsdiqlədiyi 2008 - 2010 - cu illərdə "Günəşli" dəniz neft - qaz yatağının dayazsulu hissəsini işləyən "28 May" NQÇİ-nin inkişaf proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının sabitləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılması planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti